Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Jose Qrastiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, FAO-nun nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri "Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi və Texniki Yardımın təmin edilməsi üzrə Saziş" və "FAO- Azərbaycan Tərəfdaşlıq Proqramı" Sazişinin imzalanması mərasimində iştirak etmək olub.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Jose Qrastiano Da Silva mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, 1995- 2014-cü illərdə FAO tərəfindən 20-ə yaxın layihə həyata keçirilib. Hazırda Təşkilat tərəfindən 3 milli və 3 regional layihə həyata keçirilir. Layihələr əsasən toxumçuluq, ekoloji təmiz kənd təsərrüfatı, heyvandarlıqda, o cümlədən arıçılıq sahəsində məhsuldarlığın artırılması və digər sahələrdə gerçəkləşdirilir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov vurğulayıb ki, FAO-nun qəbul etdiyi qərarla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda qurumun xoşməramlı səfiri seçilib. FAO-nun dünyada 4-5 regional mərkəzi var ki, bunlardan biri də Azərbaycanda açılıb. 128 ölkə içərisində yoxsulluğun 50 % azaldılması istiqamətində aparılan siyasət nəticəsində 18 ölkə bunu əldə edə bilib. Bu 18 ölkədən biri də Azərbaycandır. Dövlətimiz artıq yoxsulluğun azaldılması istqamətində donorlardan istifadə edən ölkədən donor ölkəyə çevrilib. Azərbaycan artıq özü digər ölkələrə donorluq edir. Çıxışların sonunda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Jose Qrastiano Da Silva və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB