“Ürəyim İrəvanda qaldı” adlı romanın təqdimatı keçirilib TƏDBİR-FOTOLAR
Bu gün əslən azərbaycanlı olan yazıçı-jurnalist Sərdar Ünsalın "Ürəyim İrəvanda qaldı" adlı romanının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə millət vəkilləri Adil Əliyev, Qənirə Paşayeva, QHT və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəllif Sərdar Ünsal romanın yaranma zərurətindən danışaraq qeyd edib ki, özü Türkiyədə yaşasa da ruhən, qəlbən Azərbaycana bağlıdır: "Bu da təsadüfi deyil. Bizim kökümüz məhz həmin torpaqlara dayanır. Ona görə də illər, əsrlər keçsə də biz öz doğma yurd-yuvamızı unutmayacağıq. Sözügedən romanı qələmə almaqda əsas məqsədim ermənilərin iç üzünü bir daha açıb göstərməkdir. Onlar nəinki bu gün zaman-zaman torpaqlarımıza yerləşib özlərini əzəli torpaqlarımızın sahibi kimi aparıblar. İnanıram ki, bir gün gələcək Dağlıq Qarabağ problemi öz həllini taparaq, real qiymətini alacaqdır".
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva iki ölkə Türkiyə-Azərbaycan arasında var olan dostluq, həmrəylikdən bəhs edərək söyləyib ki, bu cür yazarların sayəsində biz bir daha öz tariximizə qayıdır, tarixi səhifələrimizi varaqlayırıq: "Hesab edirəm ki, bu cür romanlar, kitablar hər kəs tərəfindən oxunmalıdır. Çünki bizlər üçün, xüsusilə də gənclər üçün tariximizi bilmək olduqca vacib amildir. Bu baxımdan da yazarın təqdim etdiyi romanı çox yüksək qiymətləndirirəm".
Çıxış edən millət vəkili Adil Əliyev isə öz növbəsində yazara dərin təşəkkür edərək, qardaş ölkə ilə Azərbaycanı birləşdirən dəyərlərdən bəhs edib. Millət vəkili qeyd edib ki, kitab sevərlər nə qədər belə tarixi romanlar oxusalar bir o qədər də vətənimizə xeyir vermiş olarlar: "Belə ki, gənc nəsil bu kimi romanlar sayəsində bilmədiklərini öyrənəcək, özündən sonrakı nəsilə ötürmüş olacaq. Biz sülhsevər dövlət, xalq olaraq daim dostlarımıza, adətlərimizə, tariximizə hörmətlə yanaşırıq. Türkiyə isə bizim nəinki dostumuz deyərdim ki, qardaşımızdır. Ona görə də, onların yazarlarına böyük sayqı, hörmət əlaməti olaraq belə tədbirlərin keçirilməsində olduqca maraqlıyıq. Sərdar ünsala gələcək fəaliyyətində uğurlar arzu edərək, ədəbiyyat sevərləri kitabı maraqla oxumağa çağırıram".
Sonda Türkiyə-Azərbaycan arasında əməkdaşlığa görə millət vəkilləri, media nümayəndələri mükafatlandırılıblar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB