Eldar İbrahimov: “Vəzifəli şəxs olmasa, kim qanunsuz torpaq zəbt edə bilər?

Eldar İbrahimov: “Vəzifəli şəxs olmasa, kim qanunsuz torpaq zəbt edə bilər?

Bu gün Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına iclasda Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirə olunub.

Komitə sədri Eldar İbrahimov deyib ki, hər iki məcəlləyə edilən dəyişikliklər çox vacibdir və torpaqların zəbt olunmasının qarşısının alınmasına kömək edəcək: "Bu dəyişikliklərin edilməsində məqsəd torpaqlarını qeyri-qanuni zəbt edilməsinin, onlardan təyinatı üzrə istifadə edilməməsinin və qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinin qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsidir. Hesab edirəm ki, bu qanun çox gərəklidir. Dəyişikliyə əsasən qanunu pozanalar İnzibati Xətalar Məcəlləsinə görə, cərimə, Cinayət Məclləsinə görə isə hətta həbs cəzası nəzərdə tutulub. Bu əzalar ona görə nəzərdə tutulub ki, kənd təsərrüfatı təyinatlar qorunmalıdır".

Daha sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik barədə məlumat verib.

Müzakirələr zamanı komitə sədri Eldar İbrahimov deyib ki, qanunsuz torpaq zəbt edilməsinin qarşısı alınmalıdır: "Vəzifəli şəxs olmasa, kim qanunsuz torpaq zəbt edə bilər? Kim o torpaqda villa tikə bilər. Bu hər kəsə aydındır. Aksiomadır. Bunların qarşısı alınmalıdır. Bu gün qanunsuz zəbt edilmiş ərazilərdə villalar tikilir. Kimdən soruşsan deyir mənim deyil. Bəs bu villa göydən düşüb? Necə torpaq veriblər ki, heç kimin xəbəri yoxdur. Bəs necə tikiblər yenə heç kimin xəbəri yoxdur? İndi sökülür yenə sahibi yoxdur. Amma, hamı bilir ki, sökülən villalar kimdir. Qanunsuz torpaq zəbt etmək olmaz axı. Bu torpaqları allah, ondan sonra Ulu Öndər Heydər Əliyev bizə Verdi ki, gedib kənd təsərrüfatı məhsulu istehsal edək. Villa tikmək üçün verilməyib ki?"

Dəyişikliklərin müzakirə zamanı komitə üzvü Novruzəli Aslanov təklif edib ki, gələcəkdə torpaqların təyinatı üzrə istifadə edilib-edilməməsi ilə bağlı monitorinq aparılsın.

Komitənin sədr müavini Eldar Quliyev isə çıxışında deyib ki, xarici ölkələrdə torpaq sahələrinin hasarlanması təcrübəsi yoxdur: "Amma, bizdə torpaq alınan zaman ilk olaraq onu hasara alırlar. Belə düşünürlər ki, hasar nə qədər hündür olsa bir o qədər yaxşıdır. Bu gün hektarlarla torpaq sahələri hasarlanıb. Ancaq, nə tikinti işləri aparılır, nə də əkin-biçin. Biz bu hasar xəstəliyindən qurtulmalıyıq".

Müzakirə olunan hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə