Torpaq sahələrinin məqsədsiz istifadəsinə görə cəzalar sərtləşdirilir

Torpaq sahələrinin məqsədsiz istifadəsinə görə cəzalar sərtləşdirilir

Torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə cəzalar sərtləşdirilir. SİA-nın məlumaına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

Dəyişikliyə əsasən yuxarıda qeyd olunan hallar baş verdikdə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 3000 manat miqdarında cərimə olunacaqlar.

Bu xətalar kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat miqdarında cərimə olunacaqlar.

Digər bir dəyişikliyə görə isə məcəllənin 88-3 maddəsi aşağıdakı redaksiyada verilir

Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təssərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə -1500 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu dəyişiklikər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə