Bilik Fondu Cavad Heyəti andı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda tanınmış cərrah, türkoloq alim Cavad Heyətin xatirəsini anma mərasimi keçirilib. Fonddan bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları C.Heyətin həyatına həsr olunmuş sənədli filmə baxıblar.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov C.Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışıb. Bu böyük şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Bilik Fondunun tanınmış cərrahın anadan olmasının 90 illiyi ərəfəsində keçirdiyi anma tədbiri məhz bu amala xidmət edir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev C.Heyətlə bağlı xatirələrini bölüşüb, onun nəşr etdirdiyi "Varlıq" dərgisinin əhəmiyyətindən danışıb.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, C.Heyətin xatirələrini Azərbaycan dilinə çevirmiş Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha yaxşı tanıyıb, onunla yaxından ünsiyyətdə olub, doğmalaşıb. Alim bildirib ki, C.Heyət kimi bir şəxsiyyətin xatirələrini tərcümə etmək böyük şərəfdir.

Tanınmış cərrahın ailə dostu Zülfi Baxışəli C.Heyətin şəxsi məziyyətlərindən söhbət açıb, onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.

Tədbirdə AMEA-nın gənc alimləri də Cavad Heyətlə bağlı xatirələrini bölüşüblər.

Anma mərasimi doktor Cavad Heyətin Fəxri xiyabandakı məzarını ziyarətlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə