Astarada ekoloqların peşə bayramı qeyd olunub

Astarada ekoloqların peşə bayramı qeyd olunub

Mayın 23-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Tədbirdə çıxış edən Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Azər Mirzəyev əlamətdar gün münasibətilə təbriklərini çatdırdı.

Müəssisənin baş meşəbəyi Rüfət Mahmudov ekoloqların peşə bayramı ilə bağlı məruzə etdi. Qeyd olundu ki, bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Diqqətə çatdırıldı ki, Azərbaycan ərazisinin 11 faizini meşələr təşkil edir. Meşələr suyun, oksigenin mənbəyi, hava təmizləyicisidir. Dünyada mövcud olan 11 iqlim qurşağının 9-u ölkəmizin ərazisində müşahidə edilir.

Meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqrama əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Astara rayonunda da yeni meşələr salınır və bərpa işləri görülür. Hər il müəssisənin xidməti ərazisində 350 hektar ərazidə bərpa tədbirləri aparılmaqla yeni meşələr salınır.

Bildirilib ki, Astara şəhərində, Xəzər dənizi sahilində salınmış yeni park-bulvar kompleksində 5 min nadir ağac və dekorativ kollar əkilib.

Tədbirin sonunda ekoloqların peşə bayramı ilə əlaqədar müəssisənin bir qrup işçisinə fəxri fərmanlar verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə