BŞİH-in başçısı zərərçəkən ailələrlə görüşüb YENİLƏNİB

BŞİH-in başçısı zərərçəkən ailələrlə görüşüb YENİLƏNİB

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu gün Binəqədi rayonunda yanan 16 mərtəbəli binanın sakinləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüş hadisə zamanı həlak olanların 1 dəqiqəlik anımı ilə başlayıb. Zərər çəkən 56 ailənin nümayəndələri ilə keçirilən görüş zamanı çıxış edən Hacıbala Abutalıbov ölənlərə Allahdan rəhmət diləyib, xəsarət alanların isə tez bir zamanda sağalmasını arzu edib. Mer qeyd edib ki, artıq bu gündən etibarən ziyan çəkən bina sakinləri kompensasiyalarını ala biləcəklər. Artıq dünəndən etibarən bununla bağlı Nazirlər Kabineti qərar verib. Vəsait Bakı Şəhər İcra Hakimiyyətinin hesabına köçürülüb. Vəsaitin ödənilməsində heç bir problem olmayacaq. Əgər hər hansı bir problem yaşanarsa dərhal həll olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov ailələr veriləcək kompensasiyanın məbləğini də açıqlayıb. O qeyd edib ki, hazırda verilən vəsait ilkin olaraq nəzərdə tutulub: "Həlak olmuş 15 nəfərin hər birinin ailəsinə 15 min manat, əgər 2 nəfər həlak olubsa 30 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, əgər xəsarət alanların sayı çoxdursa hər birinə 5 min manat veriləcək. Bundan başqa, 56 mənzil olmasına baxmayaraq orada 57 özəlləşmiş sənədi olan ailələrin hər birinə ilkin olaraq 20 min manat pul veriləcək. Bu birdəfəlik yardım olaraq verilir".

Hacıbala Abutalıbov vətəndaşların şikayətlərinin dinlədikdən sonra ziyan çəkənlərin bütün mallarının da kompensasiya ediləcəyini, kirayə evlərə yerləşdirilən ailələr üçün nəzərdə tutulmuş 500 manatlıq kirayə haqqı limitinin 1000 manata çıxarıldığın ifadə edib. Bundan başqa o vurğulayıb ki, Bakıda 140-a yaxın həmin üzlüklə üzlənən binaların olduğunu və onların qısa bir müddətdə sökülərək keyfiyyətli materiallarla üzlənəcəyini vurğulayıb.

Sonda vətəndaşlar görüşdən məmnun qaldıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə