Hacıbala Abutalıbov: “Sənədləri hazır olanlar bu gündən kompensasiya ala biləcəklər” AÇIQLAMA

Hacıbala Abutalıbov: “Sənədləri hazır olanlar bu gündən kompensasiya ala biləcəklər” AÇIQLAMA

"Ölənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Xəsarət alanların tez bir zamanda sağalmasını diləyirəm. 56 ailənin bu stresdən qısa bir vaxtda çıxabilməsini arzu edirəm". SİA-nın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu gün Binəqədi rayonunda yanan 16 mərtəbəli binanın sakinləri ilə görüşü zamanı səsləndirib.

O qeyd edib ki, bu gündən etibarən ziyan dəymiş ailələrin hər birinə kompensasiyanın verilməsinə start veriləcək. Bununla bağlı olaraq artıq vəsait Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə köçürülüb: "Ailələrə kompensasiya verilməsi Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabineti bununla bağlı olaraq dünən qərar verib. Bu gün artıq vəsait Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsindədir. Kimin sənədləri hazırdırsa, elə bu gün bankdan pullarını ala biləcəklər. Burada heç bir probleminiz olmayacaq. Hər hansı kiçik problem olarsa, biz bu məsələni həll edəcəyik. Bütün sənədlərin hazırlanması Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinə tapşırılıb".

Hacıbala Abutalıbov ailələrə ödəniləcək kompensasiyanın miqdarını da açıqlayıb. Bundan başqa, binanın təmiri zamanı peşəkar mütəxəssislərin çalışacağını vurğulayıb: "Həlak olmuş 15 nəfərin hər birinin ailəsinə 15 min manat, əgər 2 nəfər həlak olubsa 30 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, əgər xəsarət alanların sayı çoxdursa hər birinə 5 min manat veriləcək. Bundan başqa, 56 mənzil olmasına baxmayaraq orada 57 özəlləşmiş sənədi olan ailələrin hər birinə ilkin olaraq 20 min manat pul veriləcək. Bu birdəfəlik yardım olaraq verilir. Bütün kommunal xərclərdən azadsınız. Bu günə qədər olan borclardan sakinlər azaddır. Su, qaz, elektrik çəkilməsinin hamısını tikinti aparan şirkətlərin yüksək mütəxəssisləri aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə