Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda doktor Cavad Heyətin 90 illiyi ərəfəsində tanınmış cərrah – türkoloq alimin anım tədbiri keçirilib. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları Doktor Cavad Heyətin həyatına həsr olunmuş sənədli filməbaxıblar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım tədbirini açıq elan edərək Cavad Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışıb. Bu şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Bilik Fondunun bu günkü anım tədbiri məhz bu amala xidmət edir.
Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi "Varlıq" dərgisindən, dərginin İran türklərinin milli şüurunun oyanmasında oynadığı roldan danışıb.
Doktor Cavad Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha çox tanıdım, elə bil yaxından ünsiyyətdə oldum, doğmalaşdı mənim üçün. Ə.Bağırov bildirib ki, Cavad Heyət kimi bir şəxsiyyətin xatirələrini tərcümə etmək həm də bir şərəfdir.
Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin şəxsi məziyyətlərindən söhbət açıb. Onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.
Tədbirdə AMEA-nın gənc alimləri də Cavad Heyətlə bağlı xatirələrini bölüşüblər.
Anım tədbiri doktor Cavad Heyətin Fəxri xiyabandakı məzarını ziyarətlə başa çatıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB