Fransanın Strasburq şəhərində 20-21 may 2015-ci il tarixdə Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdarə Heyətinin 9-cu iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Azərbaycan Milli Məclisinin üzvü, millət vəkili Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak ediblər.
Tədbiri Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) Katibliyi açaraq EPAS-ın hazırkı fəaliyyətləri və 2015-ci il üçün büdcəsi və proqramı barədə geniş məlumat verib.
Avropa Şurasının Konvensiyalar Komitəsi tərəfindən həyata keçirilmiş fəaliyyətlər və Avropa Şurasının "İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası"nı üzv ölkələr tərəfindən imzalanıb ratifikasiya edilməsi sahəsindəki vəziyyət barədə ümumi məlumat verilib.
Nümayəndə heyəti iclas zamanı çıxış edərək ölkəmizdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi məqsədi ilə "Bədən tərbiyəsi və idman" haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildiyi barədə məlumat verib. İlk dəfə keçirilən Avropa Oyunları ərəfəsi qəbul edilən bu qərar mühüm əhəmiyyət kəsb edir. Həmçinin Avropa Şurasının "İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası"nın ratifikasiya edilməsi üçün görülən müvafiq işlər barəsində məlumat verib. Bildiyiniz kimi, ölkəmiz Avropa Şurasının "İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası"nı 17 sentyabr 2014-cü il tarixdə İsveçrənin Makolin şəhərində keçirilmiş Avropa Şurasının idman nazirlərinin 13-cü konfransı zamanı imzalamışdır.
"İdmanda gender məsələləri", "Uşaq və gənc idmançıların miqrasiya ilə bağlı təhlükələrdən müdafiəsi" və "Qəfəsdə döyüş kimi qaydasız döyüşlərin qadağan olunmasınına" dair Tövsiyələrin müzakirəsi zamanı həmin tövsiyələrin ölkələrdə həyata keçirilməsi vəziyyəti barədə ekspertlərin fikirləri dinlənilmiş, milli səviyyədə idman nazirliyinin və federasiyaların birgə fəaliyyətinin vacibliyi vurğulanmış və bu sahədə ən yaxşı təcrübələrin toplanması və internet vasitəsi ilə paylanması qərara alınıb. Tədbir çərçivəsində ölkəmizi təmsil edən nümayəndələr tədbir iştirakçılarına gələn ay ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ətraflı məlumat vermiş, tanıtım materialları paylanılib.
Tədbirdə müzakirə edilən əsas mövzulardan biri də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) Katibliyi ilə birgə 13 iyun 2015- ci il tarixdə Bakı şəhərində "İrimiqyaslı idman tədbirlərində sosial davamlılığın dəstəklənməsi" mövzusunda Avropa Şurası idman nazirlərinin qeyri-formal görüşünün təşkili olub.
Adı çəkilən tədbirdə ilk Avropa Oyunlarının açılış mərasiminə artıq qeydiyyatdan keçmiş 30-a yaxın idmana məsul nazirlərin iştirakı gözlənilir. Tədbirin təşkili ilə bağlı görülən işlər barədə də geniş məlumat verilib.
Səfər çərçivəsində həmçinin Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) Katibliyinin icraçı direktoru cənab Stanislas Frossardla görüş zamanı Avropa Şurası idman nazirlərinin qeyri-formal görüşünün təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB