Sietse Bekker: "Avropa tamaşaçısı “Eurovision” yarışmasını hələ də xatırlayır" MÜSAHİBƏ
Əminəm ki, Avropa tamaşaçısı Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsini hələ də xatırlayır. Azərbaycanda keçirilmiş yarışmanın misilsiz şousu yaddaşlardan heç vaxt silinməyəcək. Bu fikirləri "Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker AZƏRTAC-ın müxbirinə müsahibəsində davam etdirərək deyir:
- "Eurovision" yarışması həmişə bərq vuran brilyant olub. Biz bu parıltının hər zaman qorunması üçün əlimizdən gələni edəcəyik. Mahnı müsabiqəsi hər il müəyyən yenilik və dəyişikliklərlə müşayiət olunur.
Qeyd etmək istəyirəm ki, yüksək səviyyəli peşəkarların çalışması nəticəsində 2012-ci ilin may ayında bütün Avropa Azərbaycanın timsalında inanılmaz şounu izlədi. Mərkəzi Avropadan uzaqda olan Azərbaycanda zəngin Şərq və Qərb mədəniyyətlərinin ahəngdarlığı diqqəti cəlb edən məqamlardan oldu. Biz Azərbaycan xalqının qonaqpərvərliyindən çox razı qaldıq. Şübhəsiz ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi daha maraqlı idi. Müsabiqə üçün tikilən "Baku Crystal Hall" böyüklüyünə görə hamını heyran edirdi. "Eurovision" yarışmasının Bakı şousu özündən əvvəlkilərlə müqayisədə möhtəşəmliyi ilə seçilirdi.
Avropada müsabiqənin yayımını həyata keçirən telekanalların maliyyə problemləri var və bu kanallar proqramları yayımlamaq üçün seçim qarşısında qalırlar. "Eurovision" mahnı müsabiqəsi bu sahədə bir az uduzur. Lakin Portuqaliya, Polşa, Çexiya, Sloveniya kimi ölkələr yarışmaya yenidən geri dönürlər. Əminəm ki, növbəti illərdə iştirakçı ölkələrin sayında artım müşahidə olunacaq. Müsabiqənin uzun ömürlü olacağına inanıram.
- Avstriyanın builki ev sahibliyini necə qiymətləndirirsiniz?
- Avstriyanın Yayım Korporasiyası "ORF" telekanalı Vyana şəhərinin meriyası ilə əməkdaşlığı nəticəsində maraqlı şou təqdim edə bilib. Burada keçirilmiş şouya dünyanın böyük təcrübəsi olan məşhur şirkətləri cəlb olunub. Nəzərə alın ki, 10 il bundan əvvəl müsabiqənin tamaşaçı auditoriyası 3 min nəfər idi. Bu baxımdan builki rəqəm heç də az deyil.
Bu il bəzi ölkələrin təmsilçiləri müsabiqəyə romantik balladalarla qatılıblar. Bu, əslində prodüserlərə daha maraqlı, yaddaqalan şou təqdim etmək üçün imkan və şərait yaradır. Amma tamaşaçılar daha çox səsvermə prosesini izləyir və səsvermədə iştirak edirlər. Builki müsabiqəni əvvəlkilərlə müqayisə etsək, yarışmada orijinal mahnıların təmsil olunduğunu görərik. İstər Şərqi, istərsə də Qərbi Avropa ölkələri müsabiqədə qalib olmaqda maraqlıdırlar. Bildiyiniz kimi, qalib ölkə müsabiqəyə ev sahibliyi etmək imkanı qazanır və bununla da hər bir ölkə öz mədəniyyətini, adət-ənənəsini təbliğ edə bilir.
- Müsabiqənin qaydalarında müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulurmu?
- Bu il müsabiqənin səsvermə prosesində daha şəffaf qaydaları tətbiq etməyi düşündük. Müsabiqədə hər bir ölkədən olan münsiflər heyətinin adını mayın 1-dən açıqladıq. Bununla da təmsilçilərlə yanaşı, tamaşaçılar da hər bir münsiflər heyətinin nə dərəcədə professional olmasının şahidi ola bilərlər. Biz tez-tez görüşlər keçirir, daha da inkişaf üçün geniş müzakirələr aparırıq. Müsabiqədən sonra hər ölkənin münsiflər heyətinin səs verdiyi iştirakçıların adını açıqlayacağıq. Tamaşaçılar müsabiqənin şəffaflığının şahidi olacaqlar.
- Sizin təşkilatçılıq sahəsində böyük təcrübəniz var. Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə nə deyə bilərsiniz?
- London Yay Olimpiya Oyunlarından sonra "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsi olduqca mühüm hadisədir. Burada Avropanın tanınmış idmançıları bir araya gələcək, öz bacarıqlarını göstərmək şansı əldə edəcək və beləliklə, idmanın insanların həyatına böyük təsirini göstərəcəklər. Birinci Avropa Oyunlarının keçirilməsi həm də Avropa tamaşaçılarını bir araya gətirəcək. Bildiyiniz kimi, Niderland Krallığı ikinci Avropa Oyunlarını keçirmək üçün müraciət edib. Azərbaycan, həmçinin "Eurovision" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdi. Zənnimcə, bu, ölkənizə həm də təcrübə qazandırdı. Birinci Avropa Oyunları, xüsusilə Azərbaycan gəncləri üçün yeni bir addımdır. Qürur duyuram ki, Azərbaycan birinci Avropa Oyunlarını keçirmək üçün müraciət edib və bu vəzifənin öhdəsindən yüksək səviyyədə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB