Dərsi təkcə faciəvi hadisələrdən götürməməliyik... YANĞIN SONRASI REPORTAJ

Dərsi təkcə faciəvi hadisələrdən götürməməliyik... YANĞIN SONRASI REPORTAJ

Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğının fəsadları ilə tanış olmaq üçün hadisə yerində olduq.

Hadisə yerinə çatdığımızda qarşılaşdığımız mənzərə həqiqət ürək ağrıdıcı idi. Əraziyə çoxlu sayda toplaşanların, bina sakinlərinin salamat qalan əşyalarını çıxararkən hərəkətli olmalarına baxmayaraq sanki hər şey sükuta qərq olmuşdu. Üzlərdə üzgün ifadələr ilk baxışdan sezilirdi. Kimi həlak olmuş vətəndaşlarımızın xatirəsinin anıldığı ərazidə şam yandırır, kimi gül dəstələri qoyur, balacalar isə mərhum həmyaşıdları Fərəhin xatirəsinə öz oyuncaqlarını qoyurdular. Bu mənzərə qarşısında söz tapmaq isə çox çətin idi.

Bir qədər düşündükdən sonra özümdə güc taparaq yaxınlıqdakı polis əməkdaşına yaxınlaşaraq "olar zərərçəkmişləri yaxından çəkim" deyə müraciət etdim. Razılıq aldıqdan sonra zərərçəkmiş vətəndaşlarımıza yaxınlaşdım. Ancaq, içimdə ağır çəkingənliklə, birdən vəfat etmiş yaxını olar və mən ondan necə əhvalını soruşaram düşüncəsi ilə sakinə anlaşılmaz bir qorxaqlıqla yaxınlaşdım. İlk müsahibim ahıl yaşlı Həsən kişi oldu.

- Ağsaqqal salam, necəsiniz?

- Necə olacam oğul. Bu yaşımda evisiz qalan birini necə təsəvvür edirsənsə, elə.

- Sizin ailədə maddi zərərdən başqa heç nə olmayıb?

- Şükür Allaha ailəmizdə salamatçılıqdır. Ancaq evimizdən heçnə çıxara bilməmişik. Yalnız gəlinimin cehizlərindən bir neçəsini salamat çıxara bilmişik. Lakin əsas odur sağ-salamatıq əsas budur. Mal, var-dövlət gəldi-gedərdir.

- Yanğından sonra haradasa yerləşdirilibsizmi?

- Bəli, yerləşdirilmişik. Kirayədə qalacağıq.

- Hazırda sizə göstərilən diqqətdən razısınızmı?

- Əlbəttə köməklik edirlər. Çox sağ olsunlar.

Ağsaqqal Həsən kişinin cavablarından ürəklənib yaxınlaşdım orta yaşlı bina sakinin yanına.

- Allah köməyiniz olsun. Necəsiz? Evinizdən yanmamış nə çıxara bilibsiniz?

- Demək olar ki, bütün əşyalarımız yanıb. Ələ gələn tək-tük əşyamız qalıb.

- Yaşayış yeri ilə təmin olunmanızda problemlə qarşılaşmırsınız?

- Bəli, yerləşdirilmişik. Sanatoriyada. Bu baxımdan heç bir problemimiz yoxdur.

Söhbətimizi yenicə qurtarmışdım ki, gözüm yaxınlıqda haldan düşmüş orta yaşlı qadına dəydi.

- Salam, evinizdən nə çıxara bildiniz?

- Heç nə bir-iki yanıq əşya çıxara bilmişik.

- Yerləşdirilmənizlə bağlı problem yaşamırsınız?

- Yox. Elə bir problemimiz yoxdur. Sağ olsunlar pul veriblər kirayə ev tutmuşuq. Hər şey edirlər bizim üçün. Amma yenə də əziyyət çəkirik. Sağ olsun Prezidentimiz. Doğrudan sağ olsun. Nə lazımdırsa, hər şeyi edirlər.

Bina sakinlərindən bəziləri isə bildirir ki, əşyalarına çox ziyan dəyməyib. Məsələn yaxınlaşdığım ağbirçək nənə deyir ki, evindəki əşyalar yanmayıb, sadəcə bütövlükdə hisə qərq olub.

- Salam, ağbirçək vəziyyətiniz necədir? Əşyalarınızı çıxarırsınız. Çox ziyan dəyib?

- Oğul ziyan dəyib. Amma əşyalarımız elə də çox yanmayıb. Sadəcə hisdən yaxın durulası deyil. İndi xalça yuma xidməti xalçalarımı apardı yumağa. Digər əşyalarımızı da indi düşürürük.

- Evlə təmin olunmusunuz?

- Hə. Ev veriblər bizə. Hazırda Goradildə pansionatda qalırıq. Çox sağ olsunlar.

Fikrini ala bildiyim son müsahibim isə deyir ki, yenicə gəlin gətiribmiş. Onun da bütün əşyaları yanıb.

- Xanım, salam. Sizə dəyən ziyan çox deyil?

- Hamı kimi biz də ziyandayıq. Amma, şükürlər olsun ölüm-itimimiz olmayıb. Evdəki əşyalarımız isə demək olar ki, tamamilə yanıb. Yenicə evimə gəlin gətirmişdim. Oğlum və gəlinim bal ayından qayıtdıqdan bir həftə keçməmiş bu hadisə oldu.

- Yerləşmə probleminiz həll olunubmu?

- Hazırda qızım evində qalırıq. Amma, kirayə ev tutmuşuq ora köçəcəyik.

Ərazidə müşahidələrimizdən məlum oldu ki, zərərçəkmişlərin əsas narazılığı binadan sağ qalan əşyalarını yuxarı mərtəbələrdən düşürməklə bağlıdır. Bizdə boş durmadıq və yaxınlaşdıq ərazidə çalışan rəhbər nəzarətçiyə. Sakinlərin narazılığından xəbərdar olduğunu diqqətə çatdıran rəhbər işçi bildirdi ki, sakinlər binadan əşyalarını düşürərkən bir qədər intizamsızlığa yol verirlər. Çünki, hər kəs özünü önə keçirməyə çalışır. Ancaq, hər kəs əmin olsun ki, onlar maşın və fəhlə ilə təmin olunacaqlar və hər kəs öz əşyalarını öz ünvanlarına apara biləcəklər.

Yanğın baş verən ərazidə olduğumuzdan tənbəllik eləməyərək yanğına səbəb olan üzlük materialının yaxınlıqdakı binalardan sökülməsinin gedişi ilə də maraqlandıq. Ərazidə olduğumuz zaman kəsiyində çoxlu sayda texnika və işçi heyəti bu üzlük materiallarının sökülməsi ilə məşğul idi.

Burada işimiz yekunlaşdırıb, yollandıq yanğında xəsarət alan vətəndaşlarımızın vəziyyəti ilə maraqlanmaq üçün Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə. Burada çəkilişə icazə verilməsə də KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov xəstələrin vəziyyəti ilə maraqlanmağa şərait yaratdı.

A.Maqsudov bizimlə söhbətində dedi ki, şöbədə yanğında xəsarət alan 11 xəstə müalicə alır: "Müalicə alan xəstələrin 3-ü azyaşlı uşaqdır. Digər 8 xəstənin 4 nəfərinin səhhətində gecə saatlarında kəskinləşmə olub. Hazırda vəziyyətləri stabildir. Onların müalicəsində pulmanoloq, toksikoloq, reanimoloq, kardioloq, eyni zamanda psixoloq iştirak edir. Mütəmadi müayinə olunurlar və müalicələri davam etdirilir".

Daha sonra baş həkimin icazəsi ilə bərabər yalnız bir xəstənin yanında ola bildik. Söhbətləşdiyimiz Bilal Rəsulov bizə həmin gün baş verənləri qısa şəkildə nəql etməyə macal tapdı.

- Yastığın yüngül olsun. Özünü necə hiss edirsən? Hadisəni necə xatırlayırsan?

- Həmin gün yanğın baş verəndə yatmışdım. Oyananda hiss etdim ki, evdə tüstü var. Dərhal koridora çıxdım. Pilləkənlərlə aşağı qaçmağa başladım. Bir qədər endikdən sonra anladım ki, dəhşətli tüstüdə aşağı çata bilməyəcəm. Cəld evə qayıtdım. Balşadım dayanmadan su içməyə, üzərimə su tökməyə. Sonra FHN əməkdaşı gəldi. Öz paltarını və əlyhqazını mənə verdi. Sonra aşağı düşməyə başladıq. Sonradan mənə məlum oldu ki, həmin FHN əməkdaşı da mənim kimi tüstüdən zəhərlənib və müalicə alır. Allah, ondan razı qalsın. Həyatımı xilas edib. Təşəkkür edirəm.

- Müalicənizdən razısınızmı?

- Əlbəttə, sağ olsun həkimlərimiz. Gecə-gündüz başımızın üzərindədirlər. Bizi həyata qaytarırlar. Minnətdaram hər birinə.

Belə, reportajımız qısa da oldu, müsahiblərimizin dediklərindən nəticə çıxarmaqdan başqa çarəmiz də qalmadı. Çoxumuz yanğından necə qorunacağımızı bəlkə də bilmirik. Bəzən hadisələr insana nəyi necə etməyin yollarını öyrədir. Təkcə faciəvi hadisələrdən dərs çıxarmamalıyıq. Dərs faciələrdən çıxarmamaq ümidi ilə...

Bütün xəbərlər Facebook səhifəmizdə