Polis bölmələri yoxlanılır

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Xətai və Nizami Rayon Polis idarələrinin müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub. Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib. Onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər, həmin müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə