Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında

O, Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib
Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında

Mayın 20-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Hərbi Komitənin "Qətiyyətli dəstək" formatında baş tutan iclasında Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, "Qətiyyətli dəstək" missiyasının gedişatı, Əfqanıstan təhlükəsizlik təsisatlarının və qüvvələrinin hərbi və idarəetmə bacarıqlarının artırılması məsələləri müzakirə edilib.

Hərbi Komitənin Uyarlıq Platforması formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən ilk iclasda 25 tərəfdaş dövlətin nümayəndələri iştirak edərək NATO-nun Uels Sammitində qəbul olunmuş "Tərəfdaşlarla Uyarlıq Təşəbbüsü" çərçivəsində tərəfdaşlarla uyarlığın artırılması perspektivləri, tərəfdaşların NATO təlimlərində iştirakının genişləndirilməsi imkanları müzakirə olunub.

Baş Qərargah rəisi səfər zamanı Türkiyə, Gürcüstan, Moldova və Polşanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə