Turistlər I Avropa Oyunlarından danışdı AÇIQLAMA

Turistlər I Avropa Oyunlarından danışdı AÇIQLAMA

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına 1 aydan da az müddət qaldığı bir vaxtda şəhərin küçələrində, parklarında və görməli yerlərində turistlərin sayı getdikcə artmaqdadır. Dünyanın bir çox ölkəsindən olan turistlər Bakıya səfər etdiklərindən məmnunluğunu bildirirlər. Bəziləri insanlarımızın qonaqpərvərliyindən, bəziləri yeməklərdən, digərləri isə tarixi abidələrdən və şəhərin havasından məmnun qaldıqlarını ifadə ediblər. SİA həmin turistlərin müsahibələrini təqdim edir:

Mustafa İpək (Türkiyə):

- Mən Azərbaycana Türkiyənin Samsun şəhərindən gəlmişəm. 6 gündür Bakıdayam, xeyir iş üçün gəlmişəm. Xiyabanda oldum, burada Türk şəhidlərinin yatdığı xiyabanı da ziyarət etdim və həqiqətən bir millət, iki dövlət olduğumuzu gördüm. Bakı şəhəri modern bir yer olub. Köhnə Bakı silinərək yerinə yeni şəhər gəlib və bu gün də bu davam etməkdədir. Bundan əvvəl İran və Pakistanda olmuşam. Bunların içərəsində ən xoşuma gedən Bakı olub. Ona görə də, Bakının qiymətini bilmək lazımdır.

Martin Smet (Şotlandiya):

- Bakıda günəşli bir gündə turistik gəzintimizi davam etdirik. 4-cü gündür ki, Bakıdayam. Bakının çox gözəl havası var. Küçələrdə gəzərkən insanların çox mehriban, dostcanlı olduğunu görürəm. Restoranlarda Azərbaycanın milli yeməklərindən daddım, həqiqətən də çox gözəl menyunuz var. Bundan başqa onu deyə bilərəm ki, Bakının gözəl arxitektura quruluşu var. Hətta mən bunu fantastik olaraq dəyərləndirərdim. Çünki həm klassika, həm də modern üslub öz yerini alıb. Dənizkənarı bulvarda gəzdim, dənizin qırağında ağacların altında istirahət edən insanları gördüm, bu sizin üçün böyük avantajdır. Bizim ölkəmizdə belə havanı və istiliyi tapmaq çətindir. Amma siz bütün bu sərvətləri maliksiniz. I Avropa Oyunları ərəfəsinə təsadüf edən Bakı səfərimizdən böyük sevinclə ayrılacağımı düşünürəm. İlk dəfə keçiriləcək oyunlarda iştirak edən ölkələrə uğurlar arzu edirəm. Yenidən Bakıya səfər etməyimin vacib olduğunu indidən düşünürəm.

Zəfər Soylu (Türkiyə):

- Azərbaycanda həqiqətən də bir millət, iki dövlət düşüncəsi var. Türk dünyası içərisində fərqli bir mədəniyyətə sahib ölkədir. Yaşam üçün, gəzmək üçün xoş bir məkandır, təbiəti, dənizi göz oxşayır. Mən özüm Qaradəniz sahilində doğulub böyümüşəm, Bakı həmin yerləri mənə bir daha xatırladır. Şəhərin quruluşunda fərqlilik hiss edirəm. Paytaxtın tikililərində planlı şəkildə, sistematik binaları müşahidə edirik. Lakin klassik tikililəri saxlayaraq, şəhəri modernləşdirmək çox çətin bir işdir, bu iş Bakını öz həllini tapıb. Gələn ay Bakıda I Avropa Oyunlarının keçiriləcəyini bilirik və mediadan təqib edirik. Hər hansı bir ölkəyə azarkeşlik etmirəm, qələbəyə layiq olan qazansın. Burada əsas olan ölkələrin, mədəniyyətlərin bir yerdə olmasıdır. Mədəniyyətlərarası dialoqun qurulması baxımından çox gözəl bir tədbirdir. Bu tədbiri təşkil edənlərə təşəkkür etmək lazımdır.

Alesya Vinoqradova (Ukrayna):

- Bakı çox modern şəhərdir. Mən bu qədərini təsəvvür etmirdim. Şəhərin hər bir tərəfində gözəl binalar ucaldılıb. Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan özünü çox geniş inkişaf etdirə bilib, Bakı artıq meqapolisə çevrilib. Şəhərdə gəzərkən yaşıl parkları müşahidə etdim. Bu insanların sağlamlığı üçün böyük əhəmiyyətə malikdir. İlk dəfədir ki, Bakıdayam və buranı seçdiyim üçün məmnunam. Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ideyası çox maraqlıdır. Çünki bu ölkənin və bölgənin inkişafı baxımından uzun müddət üçün düşünülmüş bir addımdır.

Coney Sel (İngiltərə):

- Bakı çox isti şəhərdir. Bəlkə də mənə elə gəlir, çünki bizim ölkəmiz o qədər də isti deyil. Alov qüllələrini yaxından gedib müşahidə etdim, şəhərə gözəllik qatır. Bakı haqqında internetdə axtarış edərkən ilk gördüyüm binalar Alov Qüllələri, Qız Qalası və "Crystal Hall" olub. Bakıya 5 günlük səfər edirəm, bu gün birinci gündür ki, buradayam. İlk axtardığım Azərbaycana xas olan şeylərdən biri nar olub. Daha sonra isə restoranda kabab yemək olub. Yeməkləriniz çox təamlıdır, lakin çox yağlıdır. Azərbaycanın I Avropa Oyunlarını təşkil etməyinə gəldikdə isə, onu deyə bilərəm ki, bu həm Bakı, həm də ölkə üçün çox böyük şansdır. Çünki Azərbaycan üçün böyük maraq yaranacaq. Oyunlardan ən çox xoşuma gələn basketbol və kanoedir. Lakin çox təəssüf ki, həmin günlərdə Bakıd olmayacağımdan yarışlara qatıla bilməyəcəm.

Stanislav Vinoqradov (Ukrayna):

- Bakı çox gözəl şəhərdir, təmiz havası var. Çünki yaşıllıq və dəniz şəhərin havasına müsbət təsir edir. Ölkədə I Avropa Oyunlarının keçirilməsi idmana verilən dəyərdir. Hesab edirəm ki, Azərbaycan atdığı bu addımlarla turizm istiqamətində də özünü dünyaya tanıda biləcək.

Cordan Forkmorgan (Uels):

- Ölkəmiz küləkli və soyuqdur. Bakı isə gördüyümüz kimi çox istidir. Hesab edirəm ki, Azərbaycan tarixi abidələri ilə zəngindir. Şəhərdə gəzərkən belə tarixi abidələrlə rastlaşırıq. İçərişəhərin qoruq şəklində saxlanılması, gələcəyə keçmiş tarixin aparılması istiqamətində çox gözəl addımdır. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı onu deyə bilərəm ki, media ilə çox gözəl təbliğat aparırsınız. Avropanın bir parçası hesab edilən Azərbaycan bu oyunlardan sonra kəşf ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə