Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanında yerləşən və əhaliyə ictimai iaşə xidməti göstərən fiziki şəxs Mahir Tağıyevə məxsus "Perfetto" restoranında dövlət nəzarəti həyata keçirilib. Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı restorandan "Kartof" salatı və "Kiyevsayağı" kotletdən seçilmiş nümunələr götürülüb və laboratoriyaya təqdim olunub. Nəticədə məlum olub ki, nümunələr yoxlanılmış mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına görə normativ sənədlərin tələblərinə cavab vermir. Bununla yanaşı müəssisədə bir çox nöqsanlar aşkar edilib. Belə ki, müəssisədə göbələk şorbası, toyuq şorbası, tomat şorbası, mərci şorbası qeyri-müəyyən vaxta dondurucuda saxlanılır, yeməklər donu açıldıqdan sonra təkrar qızdırılaraq müştərilərə verilir və məhsullar mal qonşuluğu gözlənilmədən soyuducuda eyni kamerada saxlanılır. Habelə müxtəlif ərzaq məhsulları (ağ pendir, hisə verilmiş saçaqlı pendir, göbələk, zeytun və s.) öz qablaşdırılma vahidlərindən digər qablarda saxlanılır ki, bununla da həmin məhsulların istehsalçısını, istehsal tarixini, saxlanma müddətini müəyyən etmək mümkün deyil. Həmçinin restoranda mənşəyi məlum olmayan üzərində istehsalçısı, istehsal tarixi, yararlılıq müddəti və məhsul barədə texniki normativ hüquqi aktlarda nəzərdə tutulan digər məlumatlar mövcud olmayan alça turşusu, pomidor turşusu, xiyar turşusu aşkar olunmuşdur. Müəssisənin lazımi sənədlərlə təmin olunmadığı da aşkar olundu. Belə ki, müəssisədə istifadə olunan məhsulların uyğunluq sertifikatlarının, məhsulların hazırlanmasında istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçmə barədə sənədlərin, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlərin, məhsulların qablaşdırılmasında istifadə olunan materialların təhlükəsizlik və keyfiyyət göstəricilərini təsdiq edən sənədlərinin olmadığı aşkar edildi. Müəssisədə hazırlanan kulinariya məmulatlarının (müxtəlif növ salatlar, soyuq qəlyanaltılar, isti yeməklər və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturaları da mövcud deyil.
Restoranda istismar olunan 6 ədəd ölçmə vasitəsi də ( 1 ədəd elektron tərəzi, 5 ədəd temperatur tənzimləyicisi) müqayisəli dövlət yoxlamasından keçməmişdir. Həmçinin hazırlanan məhsulların sınaqlarının aparılması üçün akkreditasiya olunmuş sınaq laboratoriyası ilə bağlanmış müqavilə və hazırlanan məhsulların dövri sınaqlarının aparılması barədə sınaq protokolları yoxlamaya təqdim edilməyib.
Sonda restoranın mətbəxində sanitar norma və qaydalara riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə mətbəxdə istifadə edilən tərəvəzlərin emal olunduğu lövhədən, ət və ət məhsullarının emal olunduğu lövhədən, qazandan, aşbazların əllərindən yaxmalar götürülmüşdür və nəticədə aşbazın əllərində S.aureus bakteriyasının olduğu aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.


.jpg)

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB