Məcburi köçkünlər Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar anm tədbiri keciriblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, respublikanın 58 şəhər və rayonlarından məskunlaşan laçınlılar soydaşlarının sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində bir araya gəliblər. Minlərlə rayon sakini qəsəbədəki şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Anım mərasimində Laçın və Ağcabədi rayon icra hakimiyyətinin başçıları hər iki rayondan olan millət vəkilləri iştirak ediblər.
Təşkil edilən tədbirdə rayon şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən rayon icra başçısı Akif Səlimov bildirib ki, işğal nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb. 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 1 avtonəqliyyat və digər müəssisələr talan edilib. Ümumiyyətlə rayona 8 milyard ABŞ dollar ziyan dəyib. Rayonun işğalı zamanı ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olub, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülüb.
Digər çıxış edən natiqlər erməni işğalının rayonumuza vurduğu ağır zərbələrdən danışaraq erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd ediblər.
Laçınlılar da hər bir Azərbaycanlı kimi ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə ümidlidirlər. Tədbir sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB