Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qaçqın və Məcburi köçkün Gənclər Təşkilatının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Qarabağ problemi: nə bilirik, nə etməliyik?" layihəsi çərçivəsində Laçın rayonunun ermənistan tərəfindən işğal olunmasının 23-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib. SİA-nınverdiyi məlumata görə, tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
Seminar-konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirilən layihə barədə məlumat verib. V.Qədirov Laçın rayonunun işğal olunmasının 23-cü ildönümü ərəfəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun baş vermə səbəbləri, ermənistanın Azərbaycan torpaqlarına silahlı təcavüzü, 20 %-dən artıq ərazilərimizin işğal olunması, 1 milyondan çox soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilmələri , beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin tutduqları qeyri-qənaətbəxş mövqeləri və s. barədə gənclərin məlumatlandırılmasının və bu münaqişənin həllini nədə gördüklərinin böyük maraq doğuran amillərdən olduğunu bildirdi. İyun ayında Respublikamızın paytaxtı Bakı şəhərində keçiriləcək "1-ci Avropa İdman Oyunları" ərəfəsində Ermənistan və ona havadarlıq edən dövlətlərin, erməni diaspor təşkilatlarının ölkəmizə qarşı qarayaxma kompaniyası aparmalarını Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirib. Natiq Azərbaycanın inkişafını istəməyən, onun sülhpərvər bir dövlət olduğunu daim inkar etməyə çalışan ermənistanın və ona havadarlıq edən dövlətlərin məqsədinin Avropa oyunlarının bir idman bayramı ilə bərabər, işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində atılan ən güclü diplomatik addım olduğunun fərqində olduqların və bunun hər vəchlə qarşısınin alınmasına çalışdıqlarını bildirib.
Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov məruzə ilə çıxış edərək ermənistanın bu münaqişənin həllində maraqlı olmadığını, işğal etdiyi Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşdırma aparmaqda davam etdiyini, ATƏT-in Minsk qrupunun isə bu faktlara göz yumduğunu, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsinə məcbur edilmədiyini bildirib.
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, baş vermə səbəbləri, Azərbaycana qarşı yeridilən ikili standartlar, beynəlxalq hüquqdakı boşluqlar, böyük güclərin ədalətsiz mövqeləri və yanaşmaları və s. mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən Politologiya fakultəsinin tələbəsi Mafəddin Ələsgərov və digər natiqlər Azərbaycanın gündən-günə inkişaf etdiyini, beynəlxalq nüfuzunun durmadan artdığını, ermənistanla müqayisə edilə bilməyəcək dərəcədə gücləndiyini, Silahlı Qüvvələrimizin modern bir orduya çevrilməsini, ən əsası Möhtərəm Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən, vətənpərvər və prinsipial siyasəti nəticəsində işğal olunmuş torpaqlarımızın azad olunması günün uzaqda olmadığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB