Dövlət proqramı ilə bağlı ictimai müzakirə təşkil olunub

Dövlət proqramı ilə bağlı ictimai müzakirə təşkil olunub

Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə bu gün Gənclər və İdman Nazirliyinin akt zalında "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub. SİA-nın məlumatına görə, müzakirədə Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, GİN-in gənclərlə iş üzrə şöbə müdiri İndira Haciyeva, gənclər təşkilatlarının nümayəndələri, Tərxis Olunmus Hərbçilər və media nümayəndələri, iştirak edib.

İctimai müzakirəni Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev açıb. Gənclərin əsas problemləri, onların həlli yolları, beynəlxalq təcrübə, gənclərlə bağlı həyata keçirilmiş dövlət proqramlarının nəticələri və s. məqamlar nəzərə alınmaqla müzakirələrə başlanıb. İntiqam Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin Yanvar ayında təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsi və Dövlət Proqramına təkliflərin toplanılması məqsədindən danışıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini onu da əlavə edib ki, bir çox məsələlərin, hədəflərin, görüləcək işlərin strategiyası və icrası dövlət proqramları çərçivəsində həyata keçiriləcək: "Biz artıq bir neçə ay bundan əvvəl anons vermişdik ki, "2016-2020-ci illərdə Dövlət Proqramı" üzərində işə başlamışıq. Elektron ünvan da yaradılıb ki, virtual şəkildə və mail vasitəsi ilə kimin nə təklifləri varsa versin. Eyni zamanda, rayonlarda, müəsisələrdə, təhsil ocaqlarında, ayrı-ayrı qruplarla müzakirələr keçirilib. Bizim bu ay son müzakirəmiz başa çatmaq üzrədir və bu günki müzakirənin əsas hədəfi də növbəti dövlət proqramını necə görmək istəyirsiniz, ideya və təkliflərinizi dinləməkdən ibarətdir".

Daha sonra müzakirədə iştirak edən gənclər təşkilatlarının nümayəndələri, qonaqlar öz təkliflərini irəli sürüblər. Sonda müzakirə edilmiş təkliflər ümumiləşdirilib. Təkliflər "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə