Turistlər milli mətbəximizdən dadıb, milli musiqimizə qulaq asacaqlar

Turistlər milli mətbəximizdən dadıb, milli musiqimizə qulaq asacaqlar

Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunları zamanı ölkəmizə gələcək xarici qonaqların üz tutacağı əsas məkanlardan biri də restoranlar olacaq. Belə ki, onlar daima yedikləri Avropa mətbəxindən fərqli Azərbaycan mətbəxinin də dadına baxmaq istəyəcəklər. Paytaxtımızın restoranlarının turist axını zamanı necə fəaliyyət göstərəcəyini öyrənmək üçün bu işin peşəkarları ilə həmsöhbət olduq. Bakıda turistləri ən çox cəlb edən İçərişəhərdə yerləşən "Manqal" restoranının inzibatçısı Namiq Həsənov SİA-ya bildirdi ki, təmsil etdiyi iaşə obyekti I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri milli mətbəximizin ləziz təamları ilə tanış etmək üçün xüsusi hazırlıq işləri həyata keçirir.

İnzibatçı qeyd etdi ki, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının qonaqlarını ölkəmizin gözəl təibətə malik bölgələri, milli mədəniyyətimiz, paytaxtımız və buradakı inkişafla tanış edərkən, zəngin və ləziz milli mətbəximizi də tanıtmaq lazımdır: "Azərbaycanın milli mətbəxi dünyanın ən dadlı yeməklərinə malikdir. Dünya ölkələrinin çoxları bizim dadlı yeməklərimizin üzərlərində kiçik dəyişikliklər edərək öz adlarına çıxmağa çalışırlar. Biz isə qonaqlara Azərbaycanın ləziz yeməklərini göstərməklə ölkəmizin kulnariya sahəsində də nələrə qadir olduğunu nümayiş etdirəcəyik. Mətbəximizdə ancaq milli yeməklər var. Restoranımıza gələn qonaqlar aşın, qutabın və bir çox milli yeməklərimin dadına baxa bilərlər. Xörəklərimiz sifariş olunduqdan sonra isti vəziyyətdə müştəriyə təqdim olunur. Qonaqlarımıza maksimum dərəcədə yüksək xidmət göstərməyə çalışırıq. Qiymətlərimiz isə olduqca münasibdir. Onu da qeyd edim ki, restoranımıza təşrif buyuranlar eyni zamanda, milli musiqimiz olan, dünyada çox sevilən muğamımızı da dinləyə biləcəklər".

Beləliklə, məlum olur ki, "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar ölkəmizdə bütün sahələrdə olduğu kimi, iaşə obyeklərinin xidmət sahəsində ciddi hazırlıq işləri həyata keçirilir. Cəmiyyətimizin üzvləri qonaqlara ölkəmizin zəngin milli mədənniyyətini, musiqisini, mətbəxini, gözəlliklərini, inkişafını göstərmək üçün çalışdıqları sahələrə daha diqqətlə yanaşır, təkmilləşdirmə işləri aparırlar.

Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda və Mingəçevirdə keçiriləcək.

Elgün Vidadioğlu

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə