Aqil Abbas: “Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər”

“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
Aqil Abbas: “Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub. SİA-nın məlumatına görə, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinin birinci oxunuş müzakirəsi zamanı millət vəkilləri tərəfindən təklif olunan məsələlər nəzərə alınıb və qanun təkmilləşdirilib.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev isə deyib ki, sözügedən qanun layihəsində müraciətlərin oxunaqlı dildə yazılmasının tələb edilməsi başa düşülən deyil: "Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də sabah hansısa məmur qanunun maddəsini əsas gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb. Bundan başqa bəzi televiziya verilişlərində müraciətlər səslənir. Kimlərsə, kimisə evləndirir, kimisə axtarırlar və sair. Bu, onların səlahiyyətinə daxil olan məsələ deyil".

Millət vəkili Aqil Abbas qeyd edib ki, insanlar nicatı televizyadan yox, hüquq-mühafizə orqanlarından tapmalıdırlar: "Vəkillər, hüquqşünaslar insanları maarifləndirməlidir ki, insanlar öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər. Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər verilməlidir".

Qanun layihəsi ikinci oxunuşda səsverməyə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə