Kəndlər və inzibati ərazi dairələrinin adı dəyişdiriləcək

Kəndlər və inzibati ərazi dairələrinin adı dəyişdiriləcək

Azərbaycanın 17 rayonunda 30-dan yuxarı kəndin və inzibati ərazi dairəsinin adı dəyişdirilir. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb: "Belə ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər olunub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib. Eyni zamanda bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb".

A. Rəhimzadə deyib ki, qanun layhəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin, təkrarlanan eyniadlı kənd adlarının və bəzi inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi təklif olunur: "Yəni, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarıın tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur".

Məsələ müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə