“İşğal altında qalan sərvətlərimiz: vurulmuş zərərlərin qiymətləndirilməsi”
Bu gün "Park İnn" otelində Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə "İşçi Qrupu"nun təşkilatçılığı ilə "İşğal altında qalan sərvətlərimiz: vurulmuş zərərlərin qiymətləndirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda respublikanın müvafiq rəsmi idarələri, hüquqşünas, iqtisadçı və tarixçi alimləri, Milli Məclis üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları iştirak ediblər.
Tədbirdə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı giriş sözü ilə çıxış edib. O, əvvəlcə 2015-ci ilin iyun ayında Bakı şəhərində keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının, bu möhtəşəm tədbirin Azərbaycanda keçirilməsinin önəmi, həmçinin bu tarixi fakta qısqanclıqla yanaşanların yanlış yolda olduqları barədə fikirlər söyləyib.
Respublika rəhbərliyinin razılığı və hökumətin sərəncamı ilə yaradılan "İşçi Qrupu"nun üzvləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT təmsilçiləri, habelə media nümayəndələri Ermənistanın silahlı təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı, dəyəri trilyon dollarlarla ölçülən itkiləri, ayrı-ayrı təsnifatlar üzrə talan və vandalizmin miqyası, eyni zamanda Ermənistanın davam etdirdiyi işğalçı siyasət nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyasının artacağı ətrafında çıxışlar ediblər.
Tutarlı faktlara əsaslanan çıxışçılar konfrans iştirakçılarının diqqətinə işğal ərazilərində çoxlu sayda insanların, eləcə də mövcud infrastrukturun məhvi, faydalı qazıntılar, meşələr, xüsusi mühafizə olunan təbiət əraziləri və təbiət abidələri kimi çoxçeşidli təbii sərvətlərimizin amansızlıqla talan edilməsi, fauna və floranın azalması, sularımızın antropogen təsirlər nəticəsində çirkləndirilməsi, 100 min hektara qədər torpaqların üzərində olan çoxillik və birillik bitkilərin yandırılması və ağır eroziyaya məruz qalması, Metsamor AES-in istifadəyə yararlılıq müddətinin bitməsi ilə əlaqədar ətraf mühitə ağır ekoloji təsirlər, tarixi və mədəniyyət abidələrinin vandalizmə məruz qalması hesabına böyük itkilərin baş verdiyini çatdırıblar. Səsləndirilən faktlardan biri bu idi ki, 1976-cı ildə Tər-tərçay üzərində inşa edilən və ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü 125 m olan Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmiş və bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Azərbaycanın 7 rayonunun ( Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy) 79 000 hektar əkin sahəsi suvarılırdı. Su anbarı ildə 125 milyon kilovatt elektrik enerjisi verirdi. Ermənilər suya ehtiyac olan vaxtda bəndi bağlayır, lazımsız vaxtlarda isə suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edirlər. Həmçinin, Sərsəng su anbarının işğal altında qalması və keçən 22 il ərzində təmir edilməməsi Azərbaycanın 7 rayonunun, 400.000 insanın həyatını ciddi təhlükə altında qoyur.
Daha sonra konfransda işğal nəticəsində kənd təsərrüfatına dəyən ziyanın əhalinin ərzaqla təminatına, iş yerlərinin azalmasına mənfi təsirləri barədə də fikirlər söylənib. Son illər Ermənistan tərəfinin təmas xəttində artan təxribatları ucbatından investorların bu zonaya vəsait qoymaq istəməməsi, cəbhə zolağı boyunca Azərbaycanın nəzarətində olan ərazilərimizdən istifadənin mümkün olmaması ölkəmizə getdikcə artan zərərlər hesabına başa gəlməkdədir.
Konfransda xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq siyasəti ölkəmizə böyük bir zərər vurmaqla yanaşı, Cənubi Qafqazda və dünyada gərginliyin artmasının əsas səbəblərindən biridir. 1989-1993-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı 7 inzibati rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, qəsbkarın beynəlxalq qurumlara və bu qurumların qəbul etdiyi qətnamələrə məhəl qoymaması işğala meyilli terrorçu qüvvələrin belə riyakar əməllərə sövq edilməsinə münbit şərait yaradır. Şübhəsiz ki, bu əməllər vətəndaşlara və dövlətə məxsus mülkiyyətin, maddi və intellektual əmlakın misilsiz itkilərinə səbəb olub.
Çıxış edənlər onu da diqqətə çatdırıbılar ki, Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərinə dəymiş zərərin, maddi və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən müəyyənləşdirilməsi məqsədilə AR Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 51 saylı Sərəncamına əsasən yaradılmış İşçi Qrupu bu istiqamətdə fəaliyyətini qurub və nəzərdə tutulmuş işin bir hissəsini artıq yerinə yetirib. Çıxışlarda "zərərin qiymətləndirilməsi nöqteyi-nəzərindən tətbiq edilən metodoloji yanaşma tarixi prosesləri və gələcəkdə mümkün nəticələrin proqnozlaşdırılması məsələlərini də əhatə etməlidir" kimi fikirlər də səslənib.
Konfransda həmçinin dövlətçiliyimiz və suverenliyimiz naminə Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməyin, hansı yolla olur-olsun işğala son qoyulmasının, bundan ötrü cəmiyyətdəki bütün qüvvələrin milli həmrəylik nümayiş etdirməsinin vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB