İsrail səfiri Naxçıvanda FOTOLAR

Diplomat mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, yerli istehsal məhsulları sərgisinə baxıb
İsrail səfiri Naxçıvanda FOTOLAR

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz muxtar respublikaya səfəri çərçivəsində mayın 13-də Naxçıvanın gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri, regionumuzda istehsal olunan məhsulların sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi və Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olub.

Xəbər verilir ki, səfir əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan məhsullar sərgilənir. Hazırda burada 90 müəssisənin 129 növdə və 652 çeşiddə məhsulu nümayiş olunur.

Qeyd edilib ki, 1995-ci illə müqayisədə muxtar respublikada ümumi daxili məhsul istehsalı 54,7 dəfə, sənaye məhsulunun həcmi 97,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 303,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9,2 dəfə, xarici ticarət dövriyyəsi 27,2 dəfə, əhalinin gəlirləri 56,3 dəfə artıb. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. İndi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara nəinki Cənubi Qafqaz və MDB, eləcə də dünya bazarında böyük tələbat vardır. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanın idxaldan asılılığını minimuma endirir. Bu isə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətlə bağlıdır.

Səfir Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olub.

Məlumat verilib ki, bu kompleks ötən ilin aprel ayında istifadəyə verilib. Kompleksdə ən müasir avadanlıqlar quraşdırılıb. Təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edir. İqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlılığına idarəetmə mərkəzində quraşdırılan kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verir.

Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, akademik Yusif Məmmədəliyevin ev-muzeyi, şəhərin qədim tarixi abidələri və küçələri, Naxçıvan şəhəri yaxınlığındakı Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da İsrailin Azərbaycandakı səfiri Rafael Harpazda xoş təəssüratlar yaradıb.AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə