Bu gün "Azərbaycan Dəmir Yolları" QSC və "Stadler Rail Group" şirkəti "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalayıblar. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Yeni elektrik qatarlarının alınması "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var.
Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.
Dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə "Stadler Rail Group" şirkəti arasında danışıqlar artıq uzun müddətdir aparılır. Əldə olunmuş razılığa əsasən ilk iki qatar bu ilin iyun ayında ölkəyə gətiriləcəkdir ki, bunlar da 1-ci Avropa Oyunlarının keçiriləcəyi müddətdə Olimpiya oyunları stadionu ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılacaq.
Sonuncu qatarların 2016-cı ilin yanvar ayınadək ölkəyə gətirilməsi nəzərdə tutulub. Bundan sonra həmin 5 elektrik qatarı Bakı-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismara buraxılacaq və "Stadler Rail Group" şirkəti qatarların istismarda olduğu ilk iki ayda maşinistlərə təlim keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB