İlqar İlkin: “I Avropa Oyunları xalqımız üçün əlamətdar hadisə olacaq” AÇIQLAMA

İlqar İlkin: “I Avropa Oyunları xalqımız üçün əlamətdar hadisə olacaq” AÇIQLAMA

"Avropa ölkələri Azərbaycanın I Avropa Oyunlarına necə hazır olduğunu görəcək". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin deyib.

Onun sözlərinə görə, 1 ay sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını Avropa ölkələri unutmayacaq: "Son bir həftəyə nəzər salsaq görərik ki, Azərbaycan tam olaraq I Avropa Oyunları kimi bir bayrama son dərəcə yüksək səviyyədə hazırlaşıb. Artıq onu deyə bilərəm ki, Azərbaycan bu oyunlarla bağlı elə bir standartlar müəyyənləşdirib ki, 4 il bundan sonra da bu oyunların hansı ölkədə keçirilməsindən asılı olmayaraq, həmin ölkə Azərbaycanın qoyduğu standartlara yaxınlaşmaq üçün çox böyük çətinliklər çəkəcək. Bunun üçün ölkə başçısı Prezident İlham Əliyevə təşəkkür edirik ki, Azərbaycanın nəinki Avropada, hətta bütün dünyada tanınmasına şərait yaradıb. Sevindirici haldır ki, artıq 10 gün ərzində hamı özünü I Avropa Oyunlarına kökləyib".

İlqar İlkin onu da qeyd etdi ki, Azərbaycan xalqı qonaqpərvər xalqdır. Avropa Oyunları çərçivəsində təşkil olunacaq yarışlar bayram əhval – ruhiyyəsi ilə keçiriləcək. I Avropa Oyunları dövlətçiliyimiz və xalqımızın tarixində əlamətdar bir hadisə olaraq qalacaq: "Azərbaycan xalqı qonaqpərvər xalqdır, bütün dəyərlərə hər zaman hörmət edən bir xalqdır. Mən inanıram ki, 1 ay sonra bütün Avropa Azərbaycanın bu oyunlara necə hazır olduğunu görmüş olacaq. Bu oyunların əksəriyyəti şərq oyunları olduğu üçün, tarix boyu bu oyunlar böyük bayram əhval - ruhiyyəsi ilə keçirilib. Odur ki, Azərbaycanda da bu oyunlar bayram əhval - ruhiyyəsi ilə keçiriləcək. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi dövlətimiz, millətimiz, ümumiyyətlə region üçün çox əlamətdar bir hadisə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə