İlk Avropa Oyunlarına ictimai baxış SORĞU

İlk Avropa Oyunlarına ictimai baxış SORĞU

Artıq Bakı 2015 Avropa Oyunlarına sayılı günlər qalıb. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına 6 mindən çox idmançının qatılacağı gözlənilir. Bu məqsədlə Səs İnformasiya Agentliyi millət vəkillərindən, politoloqlardan, QHT sektorunun nümayəndələrindən Azərbaycanın İlk Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə qazandıracağı dividentləri, ölkəmizin bu yöndə apardığı təbliğat-hazırlıq işlərini, hansı idman növünə azarkeşlik edib-etməyəcəklərini sorğu etdi. Həmin sorğunu siz oxuculara təqdim edirik.

Məlahət İbrahimqızı, millət vəkili:

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi sözsüz ki, tarixi hadisədir. Çağdaş dövrdə yaşadığımız üçün bəlkə də buna diqqət etmirik, amma bütün dünya tarixində, Yunanıstanda min illər bundan əvvəl idman oyunlarının keçirilməsinin tarixini bu gün biz uşaqlara öyrədirik. Dünya ölkələri içində Azərbaycan xalqının, dövlətinin tanınması üçün bir şansdır. Biz xalqımızı, dövlətimizi, milli adət ənənələrimizi, qədim mədəniyyətimizi, qonaqpərvərliyimizi göstərməliyik. Mən də azərbaycanlı olaraq möhtəşəm tədbirdə iştirak etmək qərarına gəlmişəm, övladlarımla yarışlara getməyi düşünürəm. Ölkəmdə olan bu gözəl fürsəti dəyərləndirəcəyəm və ölkəmdə keçirildiyi üçün bütün idman növlərini sevə-sevə izləyəcəyəm. Amma oyun növü olaraq volleybolu çox sevirəm. Azərbaycanın qələbəsini səbrsizliklə gözləyəcəyəm və əminəm ki, Azərbaycan idmançıları böyük uğura imza atacaqlar".

Aytən Mustafayeva, millət vəkili:

"Düşünürəm ki, Azərbaycanın bu təşəbbüsü daha sonra ənənəyə çevriləcək və Avropa ölkələri bunu dəstəkləyib davam etdirəcəklər. Demək olar ki, biz bu cür tədbirə hazırlıqlı idik. Çünki müxtəlif idman növləri üçün stadionlar tikilməkdə idi və infrastruktur təzələnmişdi. O ki, qaldı Avropada oyunların gələcəkdə ənənə halına çevrilməsinə, oyunların keçirilməsinin öhdəsindən nə dərəcədə gələ biləcəkləri haqqında heç nə söyləyə bilmərəm. Çox sevindirici haldır ki, Möhtərəm Prezidentimiz oyunların məhz ilk dəfə Azərbaycanda keçirilməsinə şərait yaradıb. Mən yay oyunlarını çox xoşlayıram. Mənim üçün həm üzgüçülük, həm atletika, həm də atçılıq çox maraqlıdır. Açılışa və oyunlara bilet almağa hazırlaşıram. İnanıram ki, Azərbaycan bunun öhdəsindən layiqincə gələcək və oyunlar çox gözəl keçəcək".

Ağacan Abiyev, millət vəkili:

"Bütün Azərbaycan xalqı kimi səbrsizliklə I Avropa Oyunlarını gözləyirəm. Çünki ilk Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçün başucalığı gətirəcək. Bütün dünya biləcək ki, Azərbaycan böyük idman dövlətidir, idman Azərbaycanda o qədər sevilir ki, Beynəlxalq Olimpiya Komitəsi I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini qərara alıb. Bütün idman sevərlər kimi, mən də bunu səbrsizliklə gözləyirəm. Azərbaycan mükəmməl şəkildə tanınacaq. Gələn qonaqlar Azərbaycanın gözəlliyini, stadionlarını, millətini görüb Avropayla Asiyanın sərhəddində yerləşən bu ölkəni tanımadıqlarına təəssüf edəcəklər. Bu tədbir Azərbaycanın imicini nəinki Avropaya, bütün dünyaya tanıdacaq. Bu, ilk Avropa Oyunları olduğu üçün bizi bütün dünya televiziyaları izləyəcək. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti olduğum üçün sözsüz ki, bizim boksçuların çıxışları məni daha çox maraqlandırır. Mən Milli Olimpiya Komitəsinin baş katibi olduğum üçün boksun gözəl çıxışını gözlədiyim kimi, o biri idman növlərinin də çıxışlarını gözləyirəm. Əlimizdən gələni etməliyik ki, bu oyunlar yüksək səviyyədə keçirilsin. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qeyd edib ki, Bakıda keçirilən I Avropa Oyunları Beynəlxalq standart kimi qəbul olunacaq və hesab edirəm ki o biri ölkələr də Avropa Oyunları keçirəndə çalışacaqlar ki, Azərbaycana çatsınlar. Azərbaycanda İdmana, gənclərə dövlət qayğısının olması Möhtərəm Prezidentimiz tərəfindən hər kəsə məlumdur".

Fərasət Qurbanov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru:

"Bakı 2015 I Avropa Oyunları ölkəmiz üçün olduqca mühüm bir hadisədir. Bu Beynəlxalq idman yarışı olmaqla bərabər həm də bizim üçün bir bayram təntənəsidir. Xalqımızda Olimpiya oyunları ilə əlaqədar böyük ruh yüksəkliyi hiss olunur. Qonaqlara qarşı göstəriləcək qonaqpərvərliyi, yüksək keyfiyyətləri ölkəmiz haqqında xoş təəssüratları görən avropalılar öz ölkələrinə döndüklərində də yenidən bizim ölkəmizi ziyarət etmək arzusunda olacaqlar. Əlbətdə ki, ilk Avropa Oyunlarını təşkil etmək çox böyük zəhmət, bacarıq tələb edir. Biz xalqımıza bu sevinci yaşatdığı üçün ilk növbədə cənab prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda bu təşkilatçılıq işlərini yüksək səviyyədə həyata keçirilməsinə rəhbərlik edən və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın I xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Böyük sevinclə xalqımız bu oyunların başlanmasını gözləyir. Biz də xalqımızın bir parçası olaraq, Mayın 10-da həm Avropa Oyunlarına dəstək üçün həm də Ulu Öndər Heydər Əliyevin 92- ci il dönümü ilə əlaqədar olaraq idman yarışı təşkil etdik və bu yarışda 8 ölkədən gəlmiş idmançəlar öz güclərini sınadılar. Mən də artıq ilk Avropa Oyunlarına bilet almışam və açılış tədbirində iştirak edəcəyəm. İnanırıq ki, Cənab Prezidentin rəhbərliyi ilə hörmətli Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı ilə Avropa Oyunları, Avropa üçün böyük bir standartlar müəyyən edəcək və Avropa üçün gələcək oyunların təşkilinə bir model olaraq qəbul olunacaq. Ölkəmizdə bu oyunların yüksək səviyyədə təşkili üçün çox gözəl infrastruktor yaradılıb. Hesab edirəm ki, hər bir vətəndaşımız ictimai qaydalara riayət etməklə bu oyunların yüksək səviyyədə təşkil olunmasına görə dəstək olmalıdır. Mən də ilk növbədə güləş idman növünə maraq göstərirəm və yəqin ki, güləşlə bağlı oyunları seyr edəcəyəm".

Elçin Mirzəbəyli, politoloq :

"Təbii ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürur verici hissdir və uğurların işıqlandırılması üçün sosial mediyanın üzərinə daha böyük məsuliyyət düşür. Daha çevik formada fəaliyyət göstərməyə çalışacağıq. Məni cəlb edən oyun növləri çoxdur. Idmanın bütün növlərinə azarkeşlik edirəm lakin daha çox taekvando, güləş və su idmanı növləri ilə maraqlanıram".

Rufiz Qonaqov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri:

"Çox sevindirici və qürur verici haldır ki, I Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçirilir və Azərbaycan bununla da tarix yazacaq. Bakı 2015 I Avropa Oyunlarına dəstək vətəndaş cəmiyyəti koalisiyasının koordinatoru olaraq, əlbətdə ki mən də Avropa Oyunlarına izləyici kimi bilet almışam. Sözsüz ki, Avropa Oyunlarında çox idman növünə azarkeşlik edəcəyəm. Avropa Oyunları keçirilən zaman çalışacağıq ki, həm oyunlarda iştirak edək, həm də ümumilikdə ölkəmizə gələn qonaqlar və turistlərlə görüşərək Azərbaycanla bağlı həqiqətləri onlara çatdıraq. Koalisiya çərçivəsində digər məsələlər, simpoziumlar, aksiyalar, müxtəlif sərgilər və s. təşkil etmək niyyətindəyik".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə