Çanaqqala zəfəri ilə bağlı elmi konfrans keçirilib

Çanaqqala zəfəri ilə bağlı elmi konfrans keçirilib

"Çanaqqala zəfəri: 1915-ci ildə I Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası" mövzusunda elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının Z.M. Bünyadov adına Şərqşünaslıq İnstititutu təşkil edib.

Konfransı giriş sözü ilə millət vəkili, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstititutunun direktoru Gövhər Baxşəliyeva açıb. O qeyd edib ki, Çanaqqala zəfəri bütün Türk xalqlarının tarixində önəmli bir hadisədir: "Çanaqqala zəfəri Türk tarixinə qızıl hərflərlə yazılıb. Bütün dünya bu savaşda gördü ki, Türk əsgəri basılmaz və dönməzdir. Çanaqqala savaşı Türkiyənin və İstanbulun işğal olunmaz torpaqlar olduğunu göstərdi. Çanaqqala qazanılan qələbə Azərbaycanda milli dirçəliş hərəkatının əsasını qoydu. Bakı Nuru Paşanın ordusu tərəfindən xilas olunaraq Azərbaycan Cumhuriyyətinin paytaxtına çevrildi".

AMEA-nın vitse- prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda Çanaqqala qələbəsinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdən söhbət açdı. Azərbaycan Prezidentinin Çanaqqalaya səfərindən danışdı: "Bu il Aprel ayı boyunca Azərbaycanda Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirildi. Bunların bəziləri də AMEA-da baş tutub. Prezident İlham Əliyevin Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı olaraq Türkiyəyə səfəri, Azərbaycan və Türkiyə qardaşlığından, həmrəyliyindən xəbər verir. Bu səfər həm də dünyada böyük siyasi əhəmiyyətə malikdir".

Daha sonra çıxış edən Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun isə Çanaqqala savaşında iştirak edən azərbaycanlılardan danışıb: "Çanaqqala savaşında azərbaycanlı qardaşlarımız Türk əsgərləri ilə birlikdə, çiyin- çiyinə döyüşüblər. Bu tarixi yaxından görmək üçün Osmanlı arxivlərini araşdırmaq lazımdır. Çanaqqala savaşında Azərbaycanlı qardaşlarımız yanımızda, bizimlə birlikdə savaşdığı bir vaxtda müttəfiqimiz Almanların Türkiyə torpaqları üzərində planları olub. Ermənilərə məsuliyyətli vəzifələr verilsə də, onlar bunu qiymətləndirə bilmədilər. Sonradan Daşnaqların həyata keçirdiyi planlar bunun əyani sübutudur".

Sonda isə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev çıxış edib. O Çanaqqala zəfərinin Türk xalqına birlik və bütövlük bəxş etdiyini deyib. Bundan sonra isə Çanaqqala zəfərini əks etdirən sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə