Akif Əlizadə Vladimir Xavinso ilə görüşüb FOTOLAR

Akif Əlizadə Vladimir Xavinso ilə görüşüb FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vladimir Xavinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA-dan SİA-ya verilən xəbərə görə, O, qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Sonra akademik Akif Əlizadə Akademiyanın tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlar haqqında məlumat verib.

Vladimir Xavinson isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Qonaq nümayəndə heyətini təqdim etdikdən sonra insan ömrünün uzadılması problemləri və müvafiq dərman preparatlarının hazırlanmasında yeni texnologiyaların tətbiqi, həmçinin bu sahədə lazımi kadr hazırlığı məsələləri haqqında danışıb.

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın və Rusiya Tibb Elmləri Akademiyasının Şimal-Qərb bölməsinin Sankt-Peterburq Biorequlyasiya və Herontologiya İnstitutunun elmi-kliniki işlər üzrə direktor müavini, "Drevo jizni" Tibb mərkəzinin baş direktoru, professor Svetlana Trofimovanın da iştirak etdiyi görüşdə antiqocalma texnologiyaları, həmçinin dünyada biofizika və bioinformatika sahəsində aparılan tədqiqatlar, eləcə də hər iki qurum arasında gələcək əməkdaşlıq üçün birgə tədqiqat istiqamətləri müzakirə olunub.

Sonda qonaqlara Azərbaycan elmini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə