Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Mayın 10-da Naxçıvan şəhərindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında bu münasibətlə bayram konserti təşkil olunub.
Tədbirin aparıcıları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin zəngin elmi-nəzəri irsi tükənməyən xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən fenomen şəxsiyyət kimi, çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb, hələ sağlığında canlı əfsanəyə çevrilib.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bir-birindən maraqlı musiqi nömrələri tədbirə bayram ovqatı bəxş edib. Azərbaycan Respublikasının Əməkdar Artisti Gülüstan Əliyevanın, Naxçıvan Dövlət Filarmoniyasının solistləri – Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyevin, Xatirə Səfərovanın, Tural Nəcəfovun və başqalarının ifasında bəstəkar və xalq mahnıları səslənib, filarmoniyanın rəqs qrupunun üzvləri maraqlı çıxışları ilə tədbir iştirakçılarında xoş ovqat yaradıblar.
Xalqımızın ümummilli lideri, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Şərur rayonunda da geniş qeyd edilib. İctimaiyyətin nümayəndələri dahi rəhbərin rayon icra hakimiyyətinin qarşısındakı əzəmətli abidəsi önünə tər güllər düzüblər.
Daha sonra Şərur şəhərindəki Heydər parkında konsert təşkil edilib. Konsertdə "Arpaçay" instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının Xalq Artisti Gülyaz Məmmədova, ansamblın solistləri, Bəhruz Kəngərli adına Şərur şəhər uşaq incəsənət məktəbinin xor kollektivi rəngarəng mahnılar oxuyublar. Konsert "Şərur" və "Şərur qönçələri" yallı ansambllarının çıxışları ilə başa çatıb.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü muxtar respublikanın ən böyük rayonlarından biri olan Babək rayonunda da bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə yüzlərlə insan toplaşaraq dahi şəxsiyyətə öz sevgilərini bir daha nümayiş etdiriblər.
Mayın 10-da rayon mərkəzində keçirilən bayram konsertində Azərbaycan Respublikasının Əməkdar Artisti Gülüstan Əliyevanın, müğənni Şəbnəm Tovuzlunun və Babək rayon mədəniyyət evinin "Zabul" instrumental ansamblı solistlərinin ifaları babəklilərdə əsl bayram ovqatı yaradıb.
Ulu öndərimizin "Azərbaycanın incisi" adlandırdığı Ordubad rayonunun sakinləri ümummilli lider Heydər Əliyevin bu şəhərdəki büstü önünə gələrək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Həmin gün Azərbaycan Respublikasının Əməkdar Artisti Lalə Məmmədova və Ordubad rayon mədəniyyət evinin solisti İsrafil Arifoğlu rayon sakinləri qarşısında konsert proqramı ilə çıxış ediblər. Ümummilli Liderimizə, onun bizə miras qoyduğu çiçəklənən Azərbaycana, eləcə də Naxçıvana həsr olunmuş mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Mayın 10-da Culfa rayonunda da böyük bayram əhval-ruhiyyəsi yaşanıb. Ümummilli Liderimizin misilsiz xidmətlərini unutmayan culfalılar dahi şəxsiyyətin anadan olmasının 92-ci ildönümündə Ulu Öndərimizin Culfa Rayon İcra Hakimiyyəti binasının qarşısındakı büstü önünə gələrək müdrik insana hörmət və ehtiramlarını nümayiş etdiriblər.
Rayon mərkəzində baş tutan bayram konsertində Azərbaycan Respublikasının Xalq Artisti Mələkxanım Əyyubovanın və Culfa rayon mədəniyyət evinin "Çeşmə" instrumental ansamblı solistlərinin ifasında mahnılar səsləndirilib.
Kəngərli rayonunda da geniş bayram tədbirləri keçirilib. Rayon sakinləri Ulu Öndərin əziz xatirəsini böyük hörmətlə yad etməklə dahi şəxsiyyətə olan dərin ehtiramlarını bir daha bildiriblər. Mayın 10-da xalqımızın böyük oğlunun rayon mərkəzində ucaldılmış abidəsi yüzlərlə insanın axın etdiyi məkana çevrilib.
Axşam saatlarında Qıvraq qəsəbəsindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında konsert proqramı olub. Konsert proqramında rayon mədəniyyət evinin "Kəngər" instrumental ansamblının, böyüklərdən və kiçiklərdən ibarət yallı kollektivinin, Çalxanqala kənd mədəniyyət evinin sazçalanlar qrupunun və Bakıdan dəvət olunan incəsənət ustalarının ifaları rayon sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən bayram şənlikləri yurdumuzun hər yerində olduğu kimi, Şahbuzda da böyük coşqu ilə keçirilib. Ulu Öndərin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstünü ziyarət edərək tər gül dəstələri düzən şahbuzlular görkəmli dövlət xadiminə dərin ehtiramlarını bir daha göstəriblər.
Şahbuzda səhər saatlarından başlanan bayram şənlikləri axşam geniş konsert proqramı ilə davam etdirilib. Şahbuz rayon mədəniyyət evinin "Batabat" instrumental ansamblının solistlərinin və Azərbaycan Respublikasının Xalq Artisti Gülyanaq Məmmədovanın çıxışları rayon əhalisinin bayram əhval-ruhiyyəsini daha da artırıb. Bir-birindən gözəl ifalar alqışlarla qarşılanıb.
Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək rayonunda da rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Heydərabad qəsəbəsinin mərkəzində ucaldılan büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayonun mərkəzi Heydərabad qəsəbəsindəki Heydər parkında keçirilən bayram konsertində Sədərək rayon mədəniyyət və turizm şöbəsinin "Uğur" ansamblı üzvlərinin və tanınmış müğənni Vüsal Əliyevin ifasında səslənən musiqi nömrələri və mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB