Ukrayna
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da Kiyevin tarixi mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilib. Çoxsaylı tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına çiçəklər qoyublar.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın xilaskarı Heydər Əliyevin ölkəmizin inkişafında və çiçəklənməsində tarixi rolunu vurğulayıb.
Səfir xüsusi qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və müasir şəraitdə yeni səviyyəyə yüksəldilir. Sonra diplomat Azərbaycanda iqtisadiyyat, humanitar, sosial, səhiyyə sahələrində əsaslı islahatlardan, Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla aparılmasından söz açaraq vurğulayıb ki, xarici "xadimlərin" və ermənipərəst məmurların Azərbaycanda möhtəşəm kontinental idman yarışlarının keçirilməsinə mane olmaq niyyətləri puça çıxacaq. E.Mədətli bildirib ki, "Bakı-2015" Azərbaycanda Olimpiya hərəkatının inkişafının parlaq təsdiqi və əsası Ulu Öndər tərəfindən qoyulan dövlətçiliyimizin təntənəsi olacaq.
Səfir baxımsız qalan bağçanın yerində Heydər Əliyevin adını daşıyan gözəl bir parkın salınmasına görə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib. Kiyev meriyası tərəfindən ən gözəl park adlandırılan bu istirahət guşəsi Ukrayna paytaxtında akkreditə olunmuş xarici səfirliklərə nümunə kimi tövsiyə edilib.
O, tədbir iştirakçılarını Qələbə Günü münasibətilə də təbrik edib.
Türkmənistanın Ukraynadakı səfiri Nurberdı Amanmuradov, Türkiyə diplomatik nümayəndəliyinin başçısı Yonet Can Tezel, Ali Radanın xalq deputatı Anatoli Raxanski, Ukraynanın Dağıstan icmasının başçısı Zubair Kadırxanov Azərbaycan xalqının dahi oğlundan, müasir dövrün böyük dövlət və siyasi xadimindən, Ukraynanın böyük dostundan ehtiram və hörmətlə danışıblar.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin rəhbəri Rövşən Tağıyevin, Ukrayna Azərbaycanlı Gənclər İttifaqının başçısı İlhamə Allahverdiyevanın, "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadovun və başqalarının çıxışları Azərbaycanın gənc nəsli adından ulu öndər Heydər Əliyevin nurlu xatirəsinə minnətdarlıq dolu sözlərlə zəngin olub.
Sonra Heydər Əliyev Parkında ehsan verilib, Ukraynanın Xalq Artisti Qurban Abbasovun rəhbərlik etdiyi "Azərbaycan" kvartetinin ifasında klassik musiqi səslənib.
Tədbirdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Gürcüstan səfiri Mixeil Ukleba, Moldova səfiri İon Stevile, Özbəkistan səfiri Alişer Abduəliyev, Azərbaycan səfirliyinin əməkdaşları, SOCAR-ın Kiyev ofisinin top-menecerləri, Dnepropetrovsk Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov, "Azərbaycançılıq İnstitutu"nun prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin, "Akkord" şirkətlər qrupunun Ukrayna təmsilçiliyinin başçısı Sahib Məmmədov, diaspor və gənclər təşkilatlarımızın rəhbərləri və fəalları, şəhər ictimaiyyətinin, Azərbaycan, Türkiyə və Ukrayna KİV-lərinin nümayəndələri iştirak ediblər.
Gürcüstan
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycanın şirkətlərinin, Marneulidəki Azərbaycan Mədəniyyəti Mərkəzinin, "Borçalı İrəli" İctimai Birliyinin, şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı tələbələr mayın 10-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Rustavi şəhərinə gəliblər. Burada da Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. Ulu Öndərin adını daşıyan parka toplaşanlar Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər düzüblər.
Rumıniya
Mayın 10-da Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin büstü önünə əklillər qoyulub.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin direktoru İqbal Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı xidmətlərindən bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr barədə danışıb. İ.Hacıyev, həmçinin Heydər Əliyevin adını daşıyan Fondun çox şaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən bəhs edib. Humanizm ideyaların arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rumıniyada 8 il ərzində həyata keçirdiyi layihələrdən söhbət açan nümayəndəliyin direktoru Fondun istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman ehtiyacı olanların yanında olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Fərid Abdinbəyov müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, ölkədə sabitliyin bərqərar olması, regionda və beynəlxalq aləmdə dövlətimizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ümummilli lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edib və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov bildirib ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoyub. O, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin başçılığı altında qətiyyətlə davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaratdığını vurğulayıb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində təşkil olunan fotosərgi ilə tanış olub, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
İordaniya
Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan səfir Sabir Ağabəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib, onun xalqımız və Vətənimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ölkəmizin yenidən müstəqillik qazanmasından sonra xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsində, vətəndaş müharibəsinin qarşısının alınmasında və ölkədə ictimai-siyasi və iqtisadi sabitliyin bərqərar olunmasındakı misilsiz roluna toxunan diplomat Azərbaycanın xarici siyasətindəki uğurlarının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu söyləyib. Səfir eyni zamanda bu gün Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bütövlükdə dünya azərbaycanlıları üçün sevindirici hal olduğunu qeyd edib.

Sonra İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi X.Həmşavi 1981-ci ildə Bakıda olarkən Heydər Əliyevlə keçirdiyi görüşün xoş təəssüratlarını bölüşüb və elə bu görüşdən aldıqları müsbət enerji sayəsində Heydər Əliyevin Sovet Azərbaycanı haqqında yazdığı kitabı ərəb dilinə tərcümə etdiklərini bildirib.
Tədbirdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Qadınlar komitəsinin sədri Zümrüd Dadaşovanın Heydər Əliyevinin həyatı və fəaliyyəti barədə ingilis dilində məruzəsi dinlənilib.
Qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmə baxıblar.
Sonra tədbir iştirakçıları Əmman şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan meydana əklil qoyaraq, Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad ediblər.
Eyni zamanda İordaniyanın nüfuzlu "Əl-Diyar" qəzetində də ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib. Məqalədə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat yer alıb. Yazıda Azərbaycan və İordaniya xalqları arasındakı dostluq əlaqələrinin bünövrəsinin ümummilli lider Heydər Əliyev və Kral Hüseyn bin Talal tərəfindən qoyulduğu və bu dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində Prezident İlham Əliyevin və Kral II Abdullahın böyük rollarının olduğu vurğulanıb.
Misir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Misirin Qəlyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdülzahir və vilayətin məsul şəxsləri, həmçinin bir neçə məktəbin şagirdlərinin iştirakı ilə Qəlyubiyyə vilayətinin Qanatır şəhərindəki "Azərbaycan" küçəsində açılmış Misir-Azərbaycan dostluq parkı ziyarət olunub.

Ziyarət iştirakçıları Misir-Azərbaycan dostluq parkında ucaldılan ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu haqqında iştirakçılara məlumat verən səfir Ş.Abdullayev, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işlər, həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar barədə məlumat verib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi barədə yerli mətbuatda məqalələr dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB