Macarıstan Baş nazirinin xanımı, "Macar mətbəxi" jurnalının baş redaktoru Aniko Levai mayın 9-da Naxçıvan Muxtar Respublikasına gələrək, muxtar respublikanın formalaşan kulinariya mədəniyyəti, Naxçıvan şəhərinin tarixi-memarlıq abidələri, muzeyləri, gəzməli-görməli yerləri ilə tanış olub. AZƏRTAC xəbər verir ki, xanım Aniko Levai əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan əzəmətli abidəsini ziyarət edərək onun önünə gül dəstəsi qoyub.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə gələn qonaq burada Ümummilli Liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, Ulu Öndərə məxsus şəxsi əşyalara maraqla baxdı. Qeyd olundu ki, ümumilikdə muzeydə 4552 eksponat var. Muzeyin zəngin fonda malik kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.
Fondunda 3 min 500-dən çox maddi-mədəniyyət nümunəsi olan Naxçıvan Dövlət Xalça Muzeyi də Aniko Levaidə xoş təəssürat yaratdı. Bildirildi ki, həmin maddi-mədəniyyət nümunələrinin 331-i xalçadır. Ekspozisiyada isə 283 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Ekspozisiyada müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri var. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir.
Naxçıvan şəhərindəki "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi Əcəmi Seyrəngahına gələn macarıstanlı qonaq burada Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələrə maraqla baxdı, onların tarixi barədə ətraflı məlumat aldı.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanış olan Aniko Levaiyə bildirildi ki, 1186-cı ildə tikilən bu möhtəşəm abidə zaman-zaman "Atabəy günbəzi" adlanıb. Türbə sərdabə və yerüstü hissələrdən ibarətdir. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" .
"Xan Sarayı" ilə tanışlıq zamanı qonağa məlumat verildi ki, hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, qədim Kəngərli nəslindən olan Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə gələn Macarıstan Baş nazirinin xanımı burada muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalara baxdı. Bildirildi ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır.
Naxçıvanın 5 minillik şəhər mədəniyyəti barədə də ətraflı məlumat alan Aniko Levai Nuh Peyğəmbərin məzarüstü türbəsinə də baxdı. Bütün səmavi kitablarda öz əksini tapmış ümumdünya tufanından sonra bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin bu torpaqda quruya çıxması, burada yaşaması, vəfat etməsi və məzarının qalıqlarının bu torpaqda tapılması barədə əsaslı faktlar və tarixi şəkillər qonaqda böyük maraq oyatdı.
Qeyd olundu ki, bu diyar əsrlərlə biri-birini əvəzləyən qədim sivilizasiyanın beşiyidir. Əfsanələrə görə, Yer üzünü su basdıqdan sonra Nuh Peyğəmbərin gəmisi Naxçıvana gəlir və tufandan xilas olmuş insanlar bu diyarda yaşamağa başlayırlar. Təsadüfi deyil ki, Naxçıvan toponiminin də Nuh Peyğəmbərlə bağlı olduğu deyilir. Naxçıvan – Nuh və çıxan sözlərinin birləşməsindən yaranmış bir toponimdir. Bu torpaq bütün canlıları xilas edən və bəşəriyyətin nicat tapdığı diyardır. Azərbaycan xalqının folklorunda bu hadisə ilə bağlı xeyli əfsanələr vardır.
"Macar mətbəxi" jurnalının baş redaktoru Naxçıvan şəhərindəki Hüseyn Cavid Məqbərəsinə baxdıqdan sonra Duzdağ Fizioterapiya Mərkəzində də oldu. Bildirildi ki, xəstəxana Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunan Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Aniko Levai Naxçıvandan zəngin təəssüratlarla ayrılıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB