"Tour d`Azerbaidjan-2015" veloyürüşünün Təşkilat Komitəsinin başçısı, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Rusiya Velosiped İdmanı Federasiyasının İdarə heyətinin üzvü, Avropa Velosipedçilər İttifaqının vitse-prezidenti Aleksandr Qusyatnikov, Avropa Velosiped İdmanı Federasiyasının fəxri baş katibi Rolan Hofer velotur başa çatan kimi mətbuat konfransı keçiriblər.
Turnirin maraqlı və gərgin mübarizə şəraitində keçdiyini bildirən Sahib Ələkbərov deyib: "Tur alındı. Komandaların uğur qazanması bizim üçün əhəmiyyətli idi. Heç kəs şikayət etmirdi. Avropa Oyunlarından çox danışıldı, hamı başa düşdü ki, bu Oyunlar yüksək səviyyədə keçəcək. Azərbaycan Avropa Oyunlarına hazırdır. Federasiyamız da hazırdır. Biz mübarizəyə hazırıq. Oyunlar çərçivəsində də veloyürüşlər elə bu trasda keçiriləcək. Avropa Oyunlarında güclü komandalar iştirak edəcək. Biz komandamızdan, veloyürüşçülərimizdən uğurlu çıxışlar gözləyirik. İş Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bitmir, yaxşı çıxış etmək də tələb olunur".
S.Ələkbərov paytaxtda veloturun beşinci mərhələsinin təşkilinə göstərdiyi dəstəyə görə "Bakı–2015" Əməliyyat Komitəsinə təşəkkür edib.
Veloturun trasının çox maraqlı olduğunu vurğulayan Aleksandr Qusyatnikov söyləyib: "Zənnimcə, elə günü sabah burada yarışlar keçirmək olar. Hər şey hazırdır. İşlər bu sürətlə getsə, sizin velotur ən yaxşı veloyürüşlər sırasına daxil olacaq, bir çox turnirlərin fəxri kürsülərində azərbaycanlıları görmək mümkün olacaq".
R.Hofer isə vurğulayıb ki, dalbadal dördüncü il keçirilən "Tour d`Azerbaidjan-2015" veloyürüşünün səviyyəsi ildən-ilə yüksəlir. O deyib: "Tur de Frans" zamanı komandalar belə gözəl otellərdə qalmırlar. Yarışlar təhlükəsizlik baxımından da yüksək səviyyədə təşkil edilib. Bu, çox güclü veloyürüşçülərin qatılacağı Avropa Oyunları üçün ideal marşrutdur. "Tour d`Azerbaidjan-2015" daha yüksək kateqoriya əldə edəcək. 2016-cı ildə bizi sayca beşinci velotur gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB