Prezident İlham Əliyev Gül bayramında iştirak edib

Prezident İlham Əliyev Gül bayramında iştirak edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda Gül bayramı təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, Gül bayramında prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva parka toplaşan uşaqlarla xatirə şəkilləri çəkdirib.

Parkda güllərdən hazırlanmış kompozisiyalar nümayiş etdirilib. Güllərdən abidə bəzədilib. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılıb. Bunların arasında Azərbaycanın xəritəsi, paytaxtın rəmzi olan Qız qalası və Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi edəcəyimizi bildirən kompozisiya da yer alıb.

Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib. Vətəndaşlar da ölkəmizin bu cür çiçəklənməsindən olduqca razıdırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramında çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə göz oxşayır. Hər kəsdə xoş ovqat yaradır. Parkda yazın gəlişini əks etdirən kompozisiyalar insanları bihuş edir. Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünüb.

Bütün xəbərlər Facebook səhifəmizdə