Naxçıvanda əlillərə avtomobillər verildi

Naxçıvanda əlillərə avtomobillər verildi

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə müharibə veteranlarına diqqət və qayğını sosial siyasətin əsas istiqamətlərindən birr kimi müəyyənləşdirib. Bu gün də ölkəmizdə, o cümlədən muxtar respublikada bu kateqoriyadan olan insanlara qayğı prioritet məsələdir. Vətənimizin müdafiəsi yolunda sağlamlıqlarını itirən insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da - faşizm üzərində Qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Vətən Müharibəsi və Çernobıl əlillərinə, 1941-1945-ci illər müharibəsi veteranına və müharibə əlilinə bərabər tutulan şəxslərə 10 ədəd "NAZ-Lifan-320" markalı minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak edib.

Tədbirdə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada müharibə veteranlarının və sağlamlıq imkanları məhdud insanların sosial rifahı təmin edilir, onların asudə vaxtlarının təşkili və sağlamlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu ilin ötən dövründə 101 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 97 nəfərin Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilib, 8 nəfər müxtəlif sanatoriya və pansionatlara, əzələ-dayaq sistemi xəstəliklərindən əziyyət çəkən 10 nəfər isə Türkiyə Respublikasına müalicəyə göndərilib. Habelə 89 nəfərə protez-ortopedik xidmət göstərilib, 37 nəfər texniki bərpa vasitələri ilə təmin edilib.

Eyni zamanda, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğuna diqqət artırılıb, sağlamlıq imkanları məhdud 70 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin olunması da diqqət mərkəzində saxlanılır. Ötən il müharibə və Çernobıl əlilləri, habelə müharibə əlillərinə bərabər tutulan şəxslərə 89 ədəd minik avtomobili verilib, xüsusi qayğıya ehtiyacı olan 3 nəfər fərdi yaşayış evi ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün bir çox dünya ölkələrində və Azərbaycanda faşizm üzərində Qələbənin 70 illiyi qeyd olunur. Həmçinin mayın 10-da xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edəcək.

Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, müharibə veteranlarına və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən qayğı ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə iqtisadi inkişaf təmin edilib, əhalinin rifahı yaxşılaşdırılıb. Azərbaycan dövləti qarşısında öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə minik avtomobillərinin təqdim olunması da həyata keçirilən uğurlu sosial siyasət nəticəsində mümkün olub. Yeni avtomobillərin təqdim olunması sağlamlıq imkanlarını itirmiş şəxslərin hərəkət imkanlarını yaxşılaşdıracaq. Bütün bunlar Azərbaycanın inkişaf göstəricisi olmaqla yanaşı, həm də ölkəmizdə mövcud olan dövlət-xalq birliyinin bəhrəsidir.

Ali Məclisin Sədri deyib: Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların həyatı bugünkü və gələcək nəsillər üçün nümunədir. Dövlət və xalq qarşısında göstərilən xidmət isə hər zaman öz layiqli qiymətini alır. Ona görə də hər kəs harada yaşamasından və işləməsindən asılı olmayaraq üzərinə düşən vəzifəni dərk etməli, Vətəni qarşısında layiqli xidmət göstərməlidir.

Ali Məclisin Sədri avtomobillərlə təmin olunanları bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.

Avtomobillərlə təmin olunanlar deyiblər ki, ölkəmizin sürətli inkişafı insanların rahat yaşayışına təminat verir, onların sosial problemləri həllini tapır. Bu gün Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli qayğı göstərilir. Müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olanlara fərdi mənzillərin və avtomobillərin verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir.

Avtomobillərin təqdimatının faşizm üzərində qələbənin 70-ci ildönümünü günündə və Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ərəfəsində keçirilməsinin onlara ikiqat sevinc bəxş etdiyini bildirən tədbir iştirakçıları göstərilən qayğıya görə minnətdarlıq edib, bundan sonrakı fəaliyyətlərində də ölkəmizi inkişaf və tərəqqiyə qovuşduran Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə