Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında "Azərbaycan-Türkiyə: yeddi ulu ozan" mövzusunda beynəlxalq elmi simpozium keçirilib. AMEA-dan bildiriblər ki, tədbiri akademiyanın Ədəbiyyat və Folklor institutları, Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TƏKA) birgə təşkil edib.
Simpoziumda Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Dağıstan, Gürcüstan və Qazaxıstandan olan tanınmış elm və mədəniyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları AMEA-nın Ədəbiyyat, Folklor institutları və Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi tərəfindən nəşr edilən əsərlərdən ibarət sərgi ilə tanış olublar.
Simpoziumda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əmini, Virani, Pir Sultan Abdal və Qul Himmət Anadoluda "Yeddi Ulu Ozan" kimi qəbul edilir və tanınırlar. Nəsimi, Xətai, Füzuli Azərbaycanda olduğu kimi Türkiyədə də çox sevilən dahi sənətkarlardır.
AMEA-nın vitse-prezidenti simpoziumun keçirilməsi məqsədinin hər iki ölkədə bu dahi sənətkarlarla bağlı araşdırmaların aparılmasını təmin etmək, aşıq sənətinə dair məlumatları toplamaq və dəyərləndirmək olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, ortaq ədəbi keçmişə, mədəniyyətə, onun inkişaf problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunan beynəlxalq tədbirdə alimlər yeddi ulu ozan barədə tədqiqatlarını, həmçinin bu böyük sənətkarlarla bağlı əldə etdikləri yeni məlumatları dünya ictimaiyyətinə təqdim edəcəklər.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov beynəlxalq tədbir çərçivəsində aparılan müzakirələrin iki dövlət arasında mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrinin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və başqaları simpoziumun keçirilməsinin gələcək əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edilər. Tarixi mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması istiqamətində tədbirin böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Sonra təşkilat komitəsi tərəfindən simpoziumun bəzi iştirakçıları mükafatlandırılıb.
İki gün davam edən tədbirdə "Nəsimi sözü: zaman və məkanın fövqündə", "Füzulinin farsca divanında irfani istilahlar", "Azərbaycan ilə Anadolu arasında mədəniyyət körpüsü olaraq yeddi ulu", "XX əsr Azərbaycan poeziyasında Nəsiminin bədii obrazı" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB