Astara rayonunun ən iri yaşayış məntəqələrindən sayılan Pensər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 5500 nəfərə yaxın əhali, 1600-dən çox təsərrüfat vardır. Ərazidə 3 tam orta məktəb, xəstəxana, mədəniyyət evi və klublar, uşaq bağçaları, digər sosial obyektlər fəaliyyət göstərir.
Mayın 8-də Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə görüşü keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayon İcra hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Axundov icra başçısı ilə ötən görüşdən keçən müddət ərzində ərazidə görülən işlər barədə məlumat verərək qeyd edib ki, Pensər çayında sahilbərkitmə işləri davam etdirilib, sel sularından ziyan çəkən kənd sakinlərinin problemləri aradan qaldırılıb. Ərazidə mühüm strateji əhəmiyyət kəsb edən çay emalı fabrikinin tikintisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astara rayonuna tarixi səfəri zamanı həmin müəssisədə işlərin gedişi ilə maraqlanması, ictimaiyyət nümayəndələri ilə səmimi görüşü bütün vətəndaşlarımızın hədsiz sevincinə və ruh yüksəkliyinə səbəb olub. Əvvəlki görüşdə verilən təkliflərlə əlaqədar Çayoba kəndinə təbii qaz xətti çəkilib, yeni məktəb binası inşa edilib, kəndin mərkəzinə qədər avtomobil yolu asfaltlaşdırılıb, Pensər kənd 1 saylı tam orta məktəbə gedən yol təmir edilib.
Çayoba kənd ağsaqqalı Qasım Həsənov çıxış edərək hələ Sovet dövründə qaz xətti çəkilməyən kəndə müstəqillik illərində əhalinin təbii qazla təmin edilməsini, müasir tipli yeni məktəb binasının və çay emalı fabrikinin tikilməsini yüksək qiymətləndirib, bütün bunlara görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə ictimaiyyət adından dərin təşəkkür və minnətdarlığını bildirib. Səyyar qəbulda iştirak edən kənd sakinlərindən Şair Cahangirov, Bəsti Camalova, Şirvan İsayev, Mirzəməmməd Ağayev, Sərraf Axundov, Ceyran İbrahimova, Asif Əsədullayev və başqaları çıxış edərək vaxt tapıb kənd sakinləri ilə görüşə gəldiyinə, ötən qəbuldan sonra qaldırılan problemlərin həllinə görə icra başçısına təşəkkürlərini bildiriblər. Kənd sakinləri Çayoba kənd uşaq bağçasının, Pensər kənd mədəniyyət evi və xəstəxananın, 1 saylı tam orta məktəbin, piyada körpüsünün əsaslı təmiri, 2 saylı məktəbin istilik sisteminin qaydaya salınması barədə təkliflər veriblər.
İcra başçısı rayon Qaz İstismarı Sahəsinin rəisi Füzuli Məmmədova, rayon mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyevə, 52 saylı yol istismar sahəsinin rəisi Qurban Əliyevə 2 saylı tam orta məktəbin qazlaşdırılması, kənd xəstəxanasının və körpünün təmiri ilə əlaqədar tapşırıqlar verib.
İcra başçısı Q.Ağayev çıxış edərək ötən müddət ərzində Pensər və Çayoba kəndlərində son dövrdə aparılan geniş abadlıq və quruculuq işləri, ümumilikdə rayonda sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar barədə geniş məlumat verib, vətəndaşlar tərəfindən qaldırılan problemlərdən məlumatlı olduğunu qeyd edərək, onların həlli istiqamətində aidiyyəti təşkilatlar tərəfindən imkan daxilində əməli işlərin həyata keçiriləcəyini bildirib.
İcra başçısı müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin ilbəil artdığını, Möhtərəm Prezidentimizin bu il aprelin 11-də Astara rayonuna səfəri, aprelin 13-də "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalamasını onun Astara və astaralılara göstərdiyi diqqət və qayğının əyani sübutu kimi qiymətləndirib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB