“22 illik can yoldaşım qucağımda şəhid olub” REPORTAJ - FOTOLAR

“22 illik can yoldaşım qucağımda şəhid olub” REPORTAJ - FOTOLAR

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçib, uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olunub. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Bu acı tarixdən bu gün 23 il ötür. Bir Azərbaycanlı olaraq hər kəs bu acını paylaşır lakin, bir Şuşalı olaraq Şuşanın acılı - şirinli xatirəsini Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon filialının sədri Fuad Salahovla bölüşdüm:

"Məmin uşaqlığım gəncliyim Şuşada keçib. Hələ də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada yaşadığım gözəl günlər gözlərimin önündədir. Əsgərlikdən sonra Şuşaya getmişəm. Şuşa polisində işləmişəm. Müharibə başlayanda ən qızğın yerlərdə, Şuşa, Şuşa ətrafı, Laçın, Laçın ətrafı, Ağdərə, Kəlbəcər, Murovdağda və bir çox bölgədə döyüşdə olmuşam. 1992-ci ilin yanvarın 26-da "Daşaltı əməliyyatı"nda 2 dəfə yaralanmışam. Bir aydan sonra yenidən döyüşə qayıtdım. Yaxın dostlarım, uşaqlıq, əsgərlik dostlarım 22 illik can yoldaşım Azər qucağımda şəhid olub. İkimizin də zabit əmrimiz eyni gündə gəlmişdi. Həmin gün o şəhid oldu. Bu itkiləri sadalamaq mənim üçün çox ağırdır. Şuşanı itirəndən sonra demək olar ki, yaşamıram".

Səsinin titrəyişindən itklərin müsahibimin hələdə ürəyinin bir küncündə ağır yara olaraq qalmsı açıq-aşkar sezilirdi. Qisas hissi ilə sözünə davam edən Fuad müəllim Daşaltı əməliyyatından bir epizodu da danışdı:

"Bir nəfər ayağından yaralanmışdı. Başqa bir döyüş yoldaşıma dedim ki, yaralını daşın arxasına keçirdək ki, güllə dəyməsin. Lakin o, mənə kömək edə bilməyəndə məcbur oldum ki, özüm tək onu xilas edim. Elə qoluna girib belinden tutmuşdum ki, "snayper"lə təkrar vurdular və mən onu xilas edə bilmədim. Başqa bir döyüşdə 22 illik uşaqlıq dostuma mənim yanımda qolundan güllə dəydi. Tez qolunu bağladım. Səndemə, güllə qolundan keçib, daxili orqanlarını dağıdıbmış. Bütün bunları izləmək və heç nə edə bilməmək mənim üçün ürək ağrısı idi. Sonra heç polis işləmək də istəmədim. Mən bu işə tək gedə bilməzdim. Çunki nə etsəm hər yerdə Azəri yanımda görürdüm. Bizim arzumuz var idi. Bunları bu dəqiqə də danışıb, xatırlamaq mənim üçün inanılmaz dərəcədə ağırdı. Həm torpağımı itirdim həm can dostumu..."

Çox çətinliklə də olsa söhbətə davam edərək, "vaxt gələcək biz bu qisası yerdə qoymayacağıq, o vaxt Respublikada hakimiyyətə gəlmək üçün qüvvələr bir-birini sıxırdılar. Şuşa da hakimiyyət davasının qurbanı oldu. Ali baş komandanın olmamağı, güclü ordunun olmamağı, bütün bunlar Şuşanın işğalına səbəb oldu"- deyərək, ümüdünü üzməyərək söhbətə davam etdi:

"O vaxt geyimimiz, ərzağımız yox idi. Sovet hökümətindən yenicə ayrılmış gənc dövlət idik. İndi Ali Baş Komandanımız hərbimiz üçün hər şərait yaradıb. Silah-sursatımız, texnikamız, möhkəm ordumuz var. Hərbi vətənpərlik çox yüksək səviyyədədir. Mən internet səhifələrindən də, ictimaiyyət arasında da görürəm ki, gənclərimiz arasında vətənpərvərlik çox yüksək səviyyədədir. Mən belə düşünürəm ki, Ali Baş Komandanın əmri olarsa, 2-3 ay müddətinə bütün Qarabağı təmizləmək olar. Çünki mən bilirəm ki, ermənilərin heç postlara qoymağa hərbiçiləri, əsgərləri çatmır. Bu baxımdan ordumuz daha üstündür. Bu gün əminəm ki, Ali Baş Komandanın əmri olarsa, tez bir zamanda Müdafiə Nazirliyi ilə çox yüksək səviyyədə müharibə başladar və Qarabağı geri ala bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə