Bərdədə 9 May qələbə günü qeyd edilib

Bərdədə 9 May qələbə günü qeyd edilib

Bərdədə alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin müşavirə zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının fəalları, Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev məruzə ilə çıxış edərək bildirib ki, alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən bərdəlilərin misilsiz xidmətləri olub. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlı silaha sarılaraq faşizmə qarşı mübarizədə iştirak ediblər. Müharibədə böyük igidliklər göstərdiklərinə görə, 123 nəfər azərbaycanlı, o cümlədən rayonunun Zümürxan kənd sakini Aslan Vəzirov Sovet İttifaqı qəhrəmanı kimi fəxri ada layiq görülüb. Böyük Vətən Müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri misilsiz xidmətlər göstərib. Müharibə dövründə SSRİ-də istehsal olunan neftin 90 faizi Bakının payına düşürdü, hərbi texnikanın çox böyük əksəriyyəti Bakı nefti ilə hərəkət edirdi. Bu gün Böyük Vətən Müharibəsi əlillərinə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən daima diqqət və qayğı göstərilir. Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam bunun bariz nümunəsidir.

Tədbirdə icra başçısı Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçılarının hər birini təbrik edib, onlara Qələbənin 70 illiyi ilə bağlı medalları və qiymətli hədiyyələr təqdim edib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə