Şuşanın İşğalından 23 il ötür FOTOLAR

Şuşanın İşğalından 23 il ötür FOTOLAR

8 May 1992-ci il Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal günü ilə bağlı bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə "Şuşasız keçən 23 il" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, AJQA-nın prezidenti Sevil Yusifovanın rəhbərliyi ilə keçirilən tədbirə Azərbaycanın nüfuzlu jurnalistləri, mediya nümayəndələri və Anadolu Universitetinin müəllim və tələbə kollektivi qatılıb.

Dəyirmi masanı giriş sözü ilə açan AJQA-nın prezidenti Sevil Yusifova və qonaqlar əvvəlcə şəhidləri 1 dəqiqəlik sükutla yad edib, sonra Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın ermənilər tərəfindən işğal edilməsi faktlarından söhbət açıb. S.Yusifova Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən "Şuşaya azadlıq" kampaniyasının xarici tərəfdaşlarının bu sahədə gördüyü işi böyük iş adlandırıb.

O bildirib ki,"Şuşaya azadlıq" kampaniyasının gördüyü iş 19 ölkədə Şuşanın işğalına diqqət çəkməklə bizi istədiyimiz hədəfə çatacağımıza ümüdləndirir. S.Yusifova bir daha qeyd edib ki, erməni vəhşilikləri iyirminci əsrin sonlarında daha da eybəcərlikləri ilə yadda qalıb. Ermənilər nə etsələr də, onların törətdiyi vəhşiliklər tarixə insanlığın qara səhifəsi kimi yazılıb: "Biz Media olaraq gənclərlə birgə ortaq məxrəcə gələrək, "Şuşasız 23 il" i dünyaya necə çatdıracağımızı düşünürük. Təəssüf ki, transmilli mediya holdinqlər ikili standartlara xidmət etdiyindən həqiqəti danırlar. Onların öz məqsədləri var, həqiqətlər onlara maraqlı deyil, çünki onlara öz "həqiqətləri" maraqlıdır. Bu səbəbdən biz çalışmalıyıq ki, hər yolla səsimizi dünyaya çatdıraq".

Dəyirmi masanın sonunda qonaqlara şəhidlərimizin xatirəsinə ehsan verilib, dualar oxunub.

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə