Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində ilk olaraq cari ilin 6 may tarixində Ankarada fəaliyyətdə olan Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda geniştərkibli konfrans həyata keçirilib.
Tədbirdə Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, sabiq nazirlər, qeyd olunan institutun müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.
Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişinin ardından "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı " mövzusunda olan konfrans öz işinə başlayıb. Səfir Faiq Bağırov, TODAİE-nin baş direktoru Prof. Dr. Onur Ender Aslan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, qeyd olunan institutun dosenti Erkan Tural və doktorantı Elnur Əliyev çıxış ediblər.
Səfir Faiq Bağırov öz çıxışında, Ulu Öndərin Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsindən sonra xalqımıza etdiyi əvəzsiz xidmətlərdən, Azərbaycan Respublikasının bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından, ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.
Ardından Səfir Faiq Bağırov, "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda olan konfransın məruzəçilərinə Səfirliyimizin Ümummilli Liderimizin adına hazırlatdığı hədiyyələri təqdim edib.
Tədbir çərçivəsində Azərbaycan mahnılarından ibarət musiqi proqramı nümayiş etdirilib, Ümummilli Liderimiz Heydər Əliyevin həyatını və Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən foto nümunələrindən qurulmuş sərginin açılışı həyata keçirilib.
Qeyd etmek istərdik ki, tədbir zamanı Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, TR Baş nazirinin müavini Numan Kurtulmuş, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Mədəniyyət və turizm naziri Ömər Çəlik, Təhsil naziri Nabi Avcı, Ankara şəhərinin icra hakimiyyətinin başçısı Mehmet Kılıçlar və Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin mötəbər tədbirə ünvanladıqları mesajları oxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB