Başa çatmaqda olan cari tədris ili əlaqədar mayın 7-də 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzinin uşaq şəhərciyində "Yol hərəkəti qaydalarını yadda saxla və riayət et!" devizi altında tədbir keçirilib.
Xezerxeber.com xəbər verir ki, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və mərkəzin birgə təşkil etdiyi tədbirin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz davranış qaydalarını öyrətmək, onların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini nümayiş etdirməkdən ibarət olub.
Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev əsas diqqətin təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsininin vacibliyini vurğulayıb və hamını yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. Tədbirin keçirilməsinə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirən K.Əliyev deyib ki, uşaqların təhlükəsizliyinin təmin olunmasında ən çox iş valideynlərin və müəllimlərin üzərinə düşür.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, nazirliyin şöbə müdiri Vasif Məmmədov və digər çıxış edənlər də yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənilməsinin və buna əməl olunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.
Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan "Yol Hərəkəti Dərnəyi"nin xüsusi formalar geymiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər. Sonra uşaqlar yol hərəkəti qaydaları ilə bağlı asfalt üzərində rəsmlər çəkiblər.
Sonda təşkilatçılar tərəfindən uşaqlara yol hərəkət qaydalarının daha yaxşı qavranılmasına kömək edəcək yardımçı tədris vasitələri hədiyyə olunub. Həmçinin "Uşaqlar və yol təhlükəsizliyi layihəsi"ndə fəal iştirakına görə fərqlənənlərə diplomlar TƏQDİM edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB