Çempionlar Liqasında yumruq davası

Çempionlar Liqasında yumruq davası

Asiya Çempionlar Liqasının qrup mərhələsinin son turunda qalmaqal baş verib. Hadisə Səudiyyə Ərəbistanının "Əl Nəsr" və Qətərin "Lekviya" klubları arasındakı matçda baş verib. Qətər təmsilçisi səfərdə 3:1 hesabıyla qalib gələrək rəqibinin mübarizəni qrup mərhələsində dayandırmasına səbəb olub.

Bu, "Əl Nəsr"in futbolçusu Fabian Estoyanoffu o qədər əsəbiləşdirib ki, o, acığını rəqibin koreyalı futbolçusu Nam Tae-Hedən çıxıb. Belə ki, vaxtilə Uruqvay millisinin də şərəfini qorumuş Fabian, paltardəyişmə otağına gedən tuneldə komandasının qapısına yol tapmış koreyalı futbolçunu boksçu sayağı zərbələrə "qonaq edib". Stadionun mühafizə işçiləri nə baş verdiyini anlamayan Namı qəzəbli uruqvaylının əlindən alıblar.

Hadisədən sonra "Əl Nəsr" rəhbərliyi Estoyanoffun etdiyi hərəkətə görə maaşının yarısından məhrum edildiyini açıqlayıb. Asiya Futbol Konfederasiyasının uruqvaylı futbolçuya hansı cəzanı verəcəyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə