Bu gün Beynəlxalq Muğam Mərkəzində mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı toplantı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, nazir müavinləri, Daxili İşlər, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələrinin nümayəndələri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toplantıda nazir Əbülfəs Qarayev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan "Bakı prosesi"nin dövlətimizin müxtəlif mədəniyyətlərin, etnik, dini qrupların birgə yaşama ənənələrinə və bəşəri dəyərlərin təşviqinə göstərdiyi dəstəyin təsdiqi olduğunu deyib: "Bakı prosesi" bu gün bütün dünyada, beynəlxalq aləmdə dialoq sözünün sinonimi kimi qəbul edilir. "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır".
Vurğulanıb ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum Prezident İlham Əliyevin təşəbbüsü olmaqla, nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.
Əbülfəs Qarayev qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının bilavasitə iştirak və idarə etdiyi bir tədbirdir. O deyib: "Ona görə də biz bu məsuliyyəti dərk etməliyik. Forum dövlətimizin başçısının 2011-ci il 27 may tarixli Fərmanına uyğun olaraq iki ildən bir keçirilir. Fərmana əsasən, Azərbaycanda tədbirə məsul qurum Mədəniyyət və Turizm Nazirliyidir".
Nazir digər dövlət qurumlarının nümayəndələrinə toplantıya qatıldıqlarına görə təşəkkür edərək bildirib ki, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna cəmi 10 gün qalıb. Azərbaycan Prezidenti vaxtaşırı olaraq hazırlıq məsələləri ilə maraqlanır. Forumun iyun ayında Azərbaycanın ev sahibliyi edəcəyi Birinci Avropa Oyunları ərəfəsində keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu səbəbdən tədbirin geniş təşkilatçılıq baxımından mühüm bir sınaq olduğunu da vurğulayıb.
Sonra nazir Foruma hazırlıqla bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB