Bu gün Bakıdakı 23 nömrəli tam orta məktəbdə 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunan görüş keçirilib. Görüşdə respublikanın müxtəlif orta və ali təhsil müəssisələrində, elm ocaqlarında çalışan və təqaüddə olan müharibə veteranları iştirak ediblər.
Veteranları qarşıdan gələn 9 may - Qələbə Günü münasibətilə təbrik edən təhsil naziri Mikayıl Cabbarov 1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında bu insanların rolunu xüsusi vurğulayıb. Müharibə veteranlarının pedaqoji fəaliyyətlərindən söz açan nazir onların Azərbaycan elminə və təhsilinə verdiyi töhfələri yüksək dəyərləndirib.
Təhsil naziri 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolundan söz açıb, xalqımızın həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaətlər göstərdiyini söyləyib. Qeyd edilib ki, 1941-1945-ci illər müharibəsində Azərbaycandan orduya 700 minədək insan səfərbər olub, İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində Qələbədə Bakı neftinin, xalqımızın xüsusi yeri və rolu vardır.
Prezident İlham Əliyevin hər il Qələbə Günü münasibətilə müharibə veteranları ilə görüşünü xatırladan M.Cabbarov dövlətimizin başçısının daim bu fədakar insanlara böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayıb. Bildirilib ki, hər il təhsil müəssisələrində də Qələbə Günü və bu tarixi hadisənin gənclərimizə çatdırılması ilə bağlı silsilə tədbirlər keçirilir.
Sonda təhsil naziri müharibə veteranlarına xatirə hədiyyələri təqdim edib.
Görüşdə müharibə veteranları – akademik İsmayıl İbrahimov, əməkdar müəllimlər Məhəmməd Hüseynov, İbrahim Mayılov, professor Ulduz Kəngərli və başqaları çıxış edərək müharibə ilə bağlı xatirələrini bölüşüb, keçdikləri çətin və şərəfli döyüş yolundan, pedaqoji fəaliyyətlərindən söz açıblar. Ümummilli lider Heydər Əliyevin onlara daim böyük diqqət göstərdiyini xatırladan veteranlar Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Veteranlar, eyni zamanda, gəncləri vətənpərvərliyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB