İstiqlal Muzeyi veteranların görüş yeri oldu

İstiqlal Muzeyi veteranların görüş yeri oldu

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş "Yaddaş körpüsü" adlı tədbir-sərgi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"na uyğun həyata keçirilib.

Qeyd olunub ki, İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Müharibə illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərmişdir. 1941-45-ci illərdə 600 mindən çox azərbaycanlı oğul və qızları Qafqazdan Berlinə qədər mübariz yol keçdilər. 123 nəfər həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfər Şöhrət ordeni ilə təltif olundular.

Respublika iqtisadiyyatını cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amillərdən biri olub.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə muzeyin fondunda saxlanılan plakat kolleksiyası və 1941-45-ci illər müharibəsini əks etdirən müxtəlif əşyalar nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, veteran Əlikişi Cumşudov, Mərkəzi Zabitlər Evinin muzeyinin rəisi Zəminə Xınalı, neftçi, Əmək Veteranı Sədrəddin Vəliyev çıxış ediblər.

Tədbirdə Veteranlar Şurasının, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın əsgərləri, Daxili Qoşunların , Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə