Son statistikaya əsasən Azərbaycanda hazırda 1291 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. 9 May Faşizm üzərində qələbədən 70 il ötsə də həmin illərin ağrısını, acısını yaşayan insanlar hələ də var. Ömrünün 4 ilini savaşda keçirən 91 yaşlı Seyfulla Muradov da döyüş xatirələrindən həm qürurla, həm də gözləri dola-dola danışır.
Seyfulla Muradov 1924-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ilin may ayında müharibənin ən qızğın çağında, hələ 18 yaşı tamam olmamış cəbhəyə göndərilir. Özünün dediyinə görə, 5-ci qvardiyada desant kimi xidmət göstərib: "Yaşımın təcrübəsiz dövründə, vətəndən uzaqda, odun-alovun içində yaşamaq və qələbə qazanmaq üçün mübarizə aparmaq çox çətin idi. Rus dilini yaxşı bildiyimə görə, məni 2-ci Ukrayna Cəbhəsinə göndərdilər. Ətrafımda azərbaycanlı yox idi. Çox ağır, çətin dövr idi. Döyüş yolumuz Krasnodar şəhərindən başladı. Oradan Novorossiysk şəhərinə 135, Kremlinskiyə isə 100 kilometrlik məsafə var idi. Biz sözügedən şəhərlərə getmək üçün Dnepr çayından istifadə etdik. Bilirsiniz ki, Dnepr dünyada ən iti axan çaylardan biridir. Xüsusilə qar əriyən zamanı onun coşması insanı vahiməyə salır. Çayın sürəti o qədər güclü idi ki, əsgərlərin içərisində olduğu 12 qayıqdan 9-u sulara qərq oldu, yoldaşlarımızı itirdik. Sadəcə 3 qayıq nəzərdə tutulan məntəqəyə gedib çata bildi. Döyüş xatirələrimdə kədərli, təhlükəli anlar daha çox olub. Müharibənin dəhşətlərini 70 il keçsə də unutmamışam. Ətrafında hər şey məhv olurdu. Ağac, torpaq, təbiət od tutub yanırdı, insanlar hər gün dostunu, yoldaşını itirirdi, hər tərəf insan cəsədləri ilə dolu idi. Savaşın dəhşətini anlatmaq üçün sözlər bəzən yetərsiz olur".
91 yaşlı veteran indi döyüş yoldaşlarının adını tam xatırlamasa da, onlarla çoxlu xatirələri var: "Savaş meydanı elə bir yer idi ki, orda hər kəs bacardığı qədər bir-birinə kömək edirdi. Yaralıları xilas etməyə çalışırdıq. İnsan hər şeyə alışır, artıq müharibənin dəhşətləri bizi qorxutmurdu. Ölüm bizim üçün adiləşmişdi. Biz ancaq qələbə haqqında düşünürdük. Bu düşüncə, istək bizi döyüşdən-döyüşə aparırdı".
O, qələbəni hərbi hospitalda müalicə olunarkən eşidir. 1945-ci ilin dekabr ayında gedən ağır döyüşlərdə yaralanır: "Mən Kirov şəhərində hospitala yerləşdirildim. Orda bütün yaralılar kimi mənə də yaxşı baxırdılar. Mən orada qələbə xəbərini eşitdim. Bizimkilər artıq Berlinə girmişdilər. Qələbə sevincini orada yaşadım. İnşallah Qarabağın qələbə sevincini də yaşayaram".
Seyfulla Muradov veteranlara göstərilən diqqət və qayğıdan da ağız dolusu danışdı. Bunun üçün ona avtomobil və pul mükafatının verildiyini dilə gətirdi.




Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB