Qabil Abbasov: “Azərbaycanın naviqativ xəritəsi hazırlanıb” AÇIQLAMA

Qabil Abbasov: “Azərbaycanın naviqativ xəritəsi hazırlanıb” AÇIQLAMA

"Mədəniyyət və Turizm Nazirliyi tərəfindən naviqasiya sistemi hazırlanır. Təəssüf ki, Azərbaycanın bəzi əraziləri "Google" axtarış sistemində təhrif olunmuş formada göstərilir". SİA-nın məlumatına görə, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi 2008-ci ildə Azərbaycan xəritəsinin elektron formada, yəni naviqativ formada hazırlanması qərarını verib. Hazırda 25 nəfərlik heyət bu xəritə üzərində çalışır: "Nazirliyin qərarı ilə 2008-ci ildə Azərbaycan xəritəsinin yaradılması haqqında qərar verilib və bu layihəyə cənab Prezidentin dəstəyi olub. Ölkəmizdəki bir çox obyektlərin xəritədə yer almasına çalışdıq. Hazırda 25 nəfər xəritə üzərində çalışır".

Qabil Abbasov qeyd etdi ki, naviqativ xəritənin mobil versiyaları da hazırlanıb. Gələcəkdə xarici ölkələr də bu xəritədən istifadə edə biləcəklər: "Artıq Azərbaycanın naviqativ xəritəsinin "Android" və "İOS" tipli mobil versiyası hazırlanıb. Hesab edirəm ki, bu xəritənin işi qənaətbəxşdir və digər ölkələr də bu xəritədən istifadə etməyə başlayacaq. Biz tam dəqiqliyi ilə bu xəritəni çəksək də, "Google"da bu dəqiqlik yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı xəritədə Azərbaycanın bütün nəqliyyat yolları üzrə GPRS trekləri və koordinatları dəqiqliklə yer alır. Xəritədə olan məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin köməyi ilə elektron hökumət portalına yerləşdirilib. Hərkəsin istifadəsi üçün bu müraciətlər "Go map" və "Google"da yerləşdirilib. Yolların trafikləri də bu portala yerləşdiriləcək. Gələcək üçün bu sahədə 17 xidmət planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə