Təhlükələrdən qorunmağın yolları

Təhlükələrdən qorunmağın yolları

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yolları" mövzusunda ictimai müzakirə keçirilib. SİA-nın verdiyi məlumata görə, müzakirədə KİV və QHT rəhbərləri, millət vəkilləri, müvafiq dövlət qurumlarının rəhbərləri, sosial şəbəkə aktivləri iştirak ediblər.

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, sosial şəbəkələrdə və mediada informasiya təhlükəsizliyinin təminatı və dövlət sirrinin qorunması olduqca vacib məsələlərdən biridir: "Nəzərə alaq ki, Avropa Oyunları ərəfəsində Qərbin ikili standartları işə düşüb. Bəzi beynəlxalq təşkilatlar ölkəmizin nüfuzunu həzm edə bilmir və Azərbaycana qarşı kampaniya aparır. Eyni zamanda Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Ona görə də informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün çox vacibdir. Burada sosial şəbəkələrlə bərabər, media vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Bütün bunlar göstərir ki, biz ölkəmizin informasiya təhlükəsizliyini diqqətdə saxlamalı və hər zaman bu istiqamətdə fəaliyyət göstərməliyik".

Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, onların sosial şəbəkələrdə və mediada təbliği dövlətin vacib saydığı əsas mövzulardandır. Azərbaycanda söz-fikir azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı ilə informasiya təhlükəsizliyinin təmin olunması paralel şəkildə aparılır: "Son illər, xüsusilə də nəzərə alsaq ki, Azərbaycana qarşı informasiya müharibəsi genişlənib, bu baxımdan bu məsələ xüsusi aktuallıq kəsb etməyə başladı. Son 5 ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu məsələləri tənzimləmək üçün 5-dən çox fərman və sərəncam imzalanıb. Onu da deyim ki, milli təhlükəsizliyimiz üçün elə vacib məqamlar ola bilər ki, buna görə, ictimaiyyətdən, mediadan xüsusi ayıq-sayıqlıq tələb olunur".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin eksperti Rəfail Becanov isə qeyd edib ki, informasiya təhlükəsizliyi həm də dövlətin təhlükəsizliyi deməkdir: "Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşıb. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir".

"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev informasiya təhlükəsizliyinin təmin edilməsi üçün 5 əsas cərəyanın olduğunu deyib: "Birinci cərəyan kibercinayət, ikinci şəxsi məlumatların qorunması, üçüncüsü, təchizatlardan gələn təhlükə, dördüncüsü, şəxsi informasiya ilə iş informasiyasının qarışdırılması, beşincisi isə, insan faktorudur. Əksər hökumət dairələri, banklar və digər idarələr öz işçilərinə təhlükəsizliklə bağlı məlumat verir. Əslində, nəzəriyyə olaraq hamımız bu təhlükəni bilirik. Ancaq praktik olaraq bu təhlükədən özümüzü necə qorumağı bilmirik. Bunun üçün də, təbii ki, hər bir işçidə praktik olaraq təhlükəsizlik ənənəsi yaradılmalıdır".

Qeyd edək ki, daha sonra çıxış edən media qurumlarının rəhbərləri informasiya təhlükəsizliyi və dövlət sirrinin qorunması istiqamətində fəaliyyətin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə