Türkiyədən quş ətinin gətirilməsinə məhdudiyyət

Türkiyədən quş ətinin gətirilməsinə məhdudiyyət

Türkiyənin daha üç bölgəsindən quş məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzindən bildiriblər.

Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq müfəttişi 2015-ci il 5 may tarixli sərəncamına əlavə və dəyişiklik edilməsi ilə bağlı yeni sərəncam imzalayıb.

Sərəncama görə, Türkiyənin daha üç bölgəsində - İnebolu, Qaraböyük və Kastamonuda "quş qripi"nin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Beləliklə, Türkiyənin müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrinin (Balıkəsir, Kütahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebolu, Qaraböyük və Kastamonu) sayı 12-yə çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizdə "quş qripi" xəstəliyinə qarşı bütün zəruri tədbirlər görülür və hazırda bu xəstəliyə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə